12 dildə nəşr edilən beynəlxalq “İRS-Naslediye” jurnalının builki birinci nömrəsi çapdan çıxmışdır.
Jurnalın bu nömrəsində yeni tematik seriyaların nəşri başlanır. Bu materiallar Azərbaycan xalçalarına, Azərbaycan neftinə və birinci dünya müharibəsinin iştirakçıları olmuş azərbaycanlılara həsr edilmişdir.
Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Azərbaycan miniatür sənətinə, maddi mədəniyyət nümunələri olan muzey eksponatlarına həsr edilmiş rubrikalar davam etdirilir.
Sənətşünaslıq doktoru R.Tağıyevanın Azərbaycan xalçası haqqında geniş məqaləsi diqqəti cəlb edir. Müəllif Azərbaycan xalçaçılıq sənətinin ən qədim dövrlərdən başlanan zəngin tarixini təhlil edərək göstərir ki, bu xalçalar azərbaycanlıların milli ənənələrinin və həyat tərzinin ayrılmaz tərkib hissəsi olmaqla bərabər, həm də ümumbəşəri mədəniyyətin mühüm elementidir.
Tarix üzrə fəlsəfə doktoru M.Məmmədovun məqaləsində Birinci Dünya müharibəsi illərində rus ordusu sıralarında xidmət etmiş ilk azərbaycanlı hərbi həkimlərin həyatından maraqlı faktlar gətirilir.
Jurnal Qarabağ probleminə həsr olunmuş materialların nəşrini davam etdirir. Builki birinci nömrədə hüquq üzrə magistr T.Musayevin “Ermənistan Respublikası BMT-nin 822 (1993), 853, 874 və 884 nömrəli qətnamələrinə riayət etmir”. Moskvalı sosioloq A.Uralovun “Qarabağın çürük meyvələri”, fəlsəfə elmləri namizədi A.İsmayılovun “Sumqayıt, 1988: Qriqoryanın işi” məqalələrinin sonu oxucuların diqqətinə təqdim edilir.
Bir sözlə, jurnalın bu nömrəsində Azərbaycanın tarixi və mədəniyyəti, onun dünəni və bu günü barədə geniş spektrli materiallar vardır.
AzərTAc