Heydər Əliyev Mərkəzində "Love Me, Love Me Not" sərgisinin açılış mərasimi keçirilib
4.4.2014

Heydər Əliyev Mərkəzində YARAT Müasir İncəsənət Məkanının dəstəyilə "Love Me, Love Me Not" sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasimində Arzu Əliyeva, YARAT Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova, eləcə də digər tanınmış ictimai-siyasi xadimlər və incəsənət təmsilçiləri iştirak ediblər. Mərasimi açan Aida Mahmudova ekspozisiya haqqında məlumat verərək, burada Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın əsərləri nümayiş olunacağını bildirib.



Bu sırada Rəşad Ələkbərov, Faiq Əhməd, Fərid Rəsulov, Sitarə İbrahimova, Şoca Azəri, Əli Bənisədr, Əli Həsənov, Orxan Hüseynov, Taus Maxaçeva, Fərhad Moşiri, "Slavyanlar və Tatarlar" rəssamlar qrupu və digərləri var.



Daha sonra sərginin kuratoru Dina Naseri-Xadivi qonaqları salamlayıb. O bildirib ki, burada videoçarxlar, instalyasiyalar, rəngkarlıq əsərləri də daxil olmaqla, müxtəlif materiallardan hazırlanmış işlər təqdim olunacaq.



"Nümayiş olunan hər bir əsər tamaşaçılara pavilyonda təqdim olunan ölkələrin sənətinə yeni baxış nöqtəsi bəxş edir və əhatə olunan mövzular barədə daha dərin biliklərlə paylaşmağa çalışır. Ayrıca bir sərgidə bu cür rəssamların ərsəyə gətirdiyi işlərin nümayişi son nəticədə bizim hamımızın tarixi və coğrafiyanı nə dərəcədə düzgün qavradığımızı sorğu-sual edir" -deyə, Dina Naseri-Xadivi bildirib.
"Love Me, Love Me Not" sərgisi mayın 25-dək davam edəcək.





ANS PRESS