İlham Əliyev “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
4.4.2014

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus 2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri işə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına məlumat verdi ki, bu il sərgidə 38 ölkədən 351 şirkət və təşkilat təmsil olunur.

Sərgi iştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlər təşkil edir.

Qeyd edildi ki, sərgidə iştirakçıların sayından əlavə digər bir rekord göstərici əvvəlki illərlə müqayisədə milli stendlərin çox olmasıdır.
Sərgidə Azərbaycandan başqa öz ölkələrinin milli turizm agentlikləri və səfirliklərinin rəsmi dəstəyi ilə Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tailand, Türkiyə, Fransa, Monteneqro və Çex Respublikasından 24 milli və regional qrup iştirak edir.
Bundan əlavə, bu il sərgidə Litva, Xorvatiya, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiya Federasiyasının Stavropol diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri də qatılmışlar.
Bildirildi ki, sərgi turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirir və turizm bazarının əsas fiqurlarını – turagentlik və turoperatorları, milli qrupları, beynəlxalq nümayəndəlikləri, avtomobil, hava və dəniz daşımaları üzrə şirkətləri, müxtəlif ölkələrin mehmanxana biznesi üzrə nümayəndələrini, turizm və ticarət assosiasiyalarını, eləcə də fəal və ekstremal istirahət turlarının təşkilatçılarını bir araya gətirmişdir.

Qeyd edildi ki, “AITF-2014”də 80-dən çox turizm marşrutu nümayiş olunur. Bunların arasında Misir, Gürcüstan, Macarıstan, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Monteneqro və s. ölkələr xüsusi yer tutur.

Eyni zamanda, bu sərgi turizm bazarında həm maraqlı istiqamətlərin, həm də yeniliklərin nümayişi ilə seçilir.
Builki sərgidə Argentina, Dominikan Respublikası, Çin və Xorvatiya yeni turizm marşrutları ilə turistlərin diqqətini cəlb etmişdir. Birillik fasilədən sonra Hindistan, Yunanıstan və Malayziya milli stendləri də yenidən sərgidə iştirak edir. Sərginin debütantları arasında Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri də yer almışdır.

Diqqətə çatdırıldı ki, “AITF-2014” sərgisində tibbi turizm istiqamətini nümayiş etdirən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər, özəl və dövlət klinikaları, eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika mərkəzləri daxildir. Azərbaycan sanatoriyalarının nümayiş olunduğu pavilyonda Naftalan neftinin müalicəvi xassələri sərgiyə gələnlərin diqqətini daha çox cəlb edir.
Bildirildi ki, Azərbaycan regionlarının milli pavilyon çərçivəsində irimiqyaslı iştirakı sərginin ən maraqlı və koloritli hadisəsindən biridir. Azərbaycan üzrə turizm paketinin müxtəlifliyi istənilən turizm proqramını zənginləşdirə bilər.

Regional ekspozisiyada Qəbələ, Qax, Quba, İsmayıllı, Zaqatala, Lerik, Masallı, Mingəçevir, Xaçmaz, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası və Sumqayıt şəhəri təmsil olunur.

Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, salçılıq, dağ-xizək, dəniz kurortları və s. üçün imkanlar nümayiş etdirilir.

Dövlətimizin başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış oldular.

Gün.Az