Aprelin 15-də Muzey Mərkəzinin sərgi salonunda rəssam Məhər Məhərrəmovun Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş “Xəmsə” adlı fərdi sərgisi açılacaqdır.
Rəssam bildirmişdir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Gəncə Dövlət Rəsm Qalereyasının və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə reallaşdırılacaqdır.
Sərgidə rəssamın Nizami Gəncəvi yaradıcılığının ölməz inciləri olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarına vitraj üslubunda (şüşə üzərində rəsm) işlədiyi 40 ədəd əsəri sərgilənəcəkdir.
Sərginin əsas məqsədi Nizami Gəncəvi yaradıcılığının gözəllik, ədalət, igidlik, insanlıq, xoşbəxtlik uğrunda ölməz mübarizə ideyalarını rəsm əsərlərində cəmiyyətə təqdim etməkdir.
Sərgi 2 gün davam edəcəkdir.
AzərTAc