Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə yeni təhsil modelləri, o cümlədən distant təhsil həyata keçiriləcək.
Bu, prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb.
Strategiyada təhsilli gənc nəslin yetişdirilməsi, onların müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları kimi formalaşması, İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, müəllimlərin kompüter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, xüsusi qayğı tələb olunan sosial qruplar da nəzərə alınmaqla, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi əsas məqsədlər sırasında qeyd edilib.
Bu məqsədlərə çatmaq üçün milli təhsil şəbəkəsinin inkişaf etdirilməsi və bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasının təmin olunması, təhsilin resurs mərkəzinin və təhsil prosesini dəstəkləyən elektron tədris vasitələrinin inkişaf etdirilməsi, bütün təhsil pillələri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması və dərs vəsaitlərinin texnoloji inkişafa uyğun müasirləşdirilməsi, mərkəzləşdirilmiş virtual tədris platformasının yaradılması və təhsilin idarə olunması sisteminin inkişaf etdirilməsi, vahid milli təhsil portalının fəaliyyətinin genişləndirilməsi və elektron resurslarla zənginləşdirilməsi, İKT sahəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsi həyata keçiriləcək.
APA