Hər il olduğu kimi bu il də mayın 10-da Bakıda möhtəşəm Gül bayramı keçiriləcək.
Bu il sözügedən bayram daha geniş ərazini əhatə edəcək.
Belə ki, Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu il ilk dəfə olaraq gül bayramı ulu öndər Heydər Əliyevin adını daşıyan sarayın qarşısındakı parkla yanaşı, sarayın arxasında yerləşən və xalq arasında "Qış parkı" kimi tanınan ərazidə də təşkil olunacaq.
Qeyd edək ki, artıq "Qış parkı"nda Gül bayramına hazırlıqlara başlanılıb, parkın ərazisinin bir hissəsində stendlər quraşdırılıb.
Burada rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdiriləcək.
Diqqət çəkən məqamlardan biri də parkda işğal edilmiş rayonlarımızla bağlı stendlərin, ermənilər tərəfindən dağıdılan abidələrimizin maketlərinin quraşdırılmasıdır.
Məlumat üçün bildirək ki, 2004 ildən başlayaraq, hər il 10 may tarixində Azərbaycanda Gül bayramı keçirilir.
Gün.Az