Şirvanşahlar Sarayı Kompleksinin yeni muzey ekspozisiyası yaradılmışdır
10.4.2014

Şirvanşahlar Sarayı Kompleksi tarixində ilk dəfə qonaqları dünya standartlarına cavab verən müasir muzey ekspozisiyası ilə qarşılayır.

Ekspozisiyanın hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılmış, müvafiq məlumatlar toplanaraq sistemləşdirilmişdir.

Ekspozisiyanın yaradılmasına yerli və xarici mütəxəssislər cəlb olunmuşdur.

Ekspozisiyada keçmişi qorumaqla müasir elementlərdən də istifadə edilmişdir.

Bu məqsədlə videoproyeksiya, animasiyalı multimedia, audio və video təqdimatlardan da geniş istifadə olunmuşdur.

Bununla yanaşı, qonaqlar ilk dəfə multimedia bələdçilərindən faydalana bilirlər.

Muzeydə, həmçinin dövrün şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular təqdim olunur.

Bundan əlavə, taxt-tac salonunda 3D formatında taxtın elektron görünüşü vardır.

Yaxın vaxtlarda taxtın maketi də hazırlanıb qoyulacaq.

Ekspozisiyanın təqdimatı, muzeydə nümayiş olunan eksponatlar və videomateriallar Şirvanşahlar dövründəki ab-havanı, interyer elementlərini təsəvvür etməyə imkan yaradır.

Yeni muzey ekspozisiyası, həmçinin Saray Kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər bura gələnlər üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir.

Burada təqdim olunan Şirvanşahların məişət tarixinin həcmli animasiyalı modeli muzeyə gələnlərdə xüsusi maraq doğurur.

Muzey ekspozisiyasının hazırlıq mərhələsində Saray Kompleksinə daxil olan yaşayış binasının divarlarının əzəli daş hörgüsü də bərpa edilmiş, ərazidə abadlıq işləri aparılmışdır.

baku-art.az