Bu gün Bakı Ekspo Mərkəzində II Xəzər Beynəlxalq Su Texnologiyaları (CATEC 2014) sərgisi işinə başlayıb.
Sərginin açılışında çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov belə sərginin Xəzər hövzəsi ölkələrindən ancaq Azərbaycanda keçirildiyini bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyev hər bir vətəndaşın 24 saat içməli su ilə təmin olunması üçün tapşırıq verib. Qoyulan tapşırıqların yerinə yetirilməsi üçün yenidənqurma işləri aparılır, dünyadakı yeni texnologiyaların öyrənilməsinə əhəmiyyət verilir” - deyə, qurumun sədri qeyd edib.
O, sərginin əhəmiyyətindən də danışaraq qeyd edib ki, keçənilki sərgidən sonra bir çox şirkətlərlə əməkdaşlıq genişlənməyə başlayıb.
Q.Hüseynov sərginin yerli şirkətlər üçün də müsbət nəticələr verdiyini bildirib.
“2013-cü ildə “Azərsu” ilə çalışan Azərbaycan şirkətlərinin iş keyfiyyətində qiymətləndirmə apardıq. Məlum oldu ki, 2013-cü ilin birinci rübündə bizimlə işləyən şirkətlər arasında birinci onluqda cəmi iki yerli şirkət var idi. 2013-cü ilin nəticələrinə görə isə ilk beşliyin hamısı yerli şirkətlər idi. Biz belə tədbirlər keçirərək yerli şirkətlər üçün də əlverişli şərait yaratmaq istəyirik” - “Azərsu” sədri əlavə edib.
Qeyd edək ki, bu il CATEC-2014 sərgisində içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarəedilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim edilir.
CATEC-2014 sərgisində 24 ölkədən 79 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə ekologiya və tikinti şirkətləri var. Yerli iştirakçılar isə bu sahənin aparıcı şirkətlərindən ibarətdir: “Azərsu” ASC, “Akkord”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, “Azertexnolayn” MMC, “Grand Motors” MMC, Gəncə Cihazqayırma zavodu, “Omicron” MMC, “Unipark” MMC, Sumqayıt Texnologiyalar Parkı və digər müəssisə və təşkilatlar.
Sərgi iştirakçılarının yarıdan çoxunu xarici şirkətlər təşkil edir və onların arasında “ABB” (İsveçrə), “Amiad Water Systems” (İsrail), “AVK” (Danimarka), “Culligan” (ABŞ), “Elektromed” (Türkiyə), “Erkon” (Türkiyə), “Flotenk” (Rusiya), “GEA Westfalia” (Almaniya), “Greenworks” (Litva), “Grundfos” (Danimarka), “Krohne Anlagen” (Almaniya), HALLA (Koreya), “Hungarian Water Cluster” (Macarıstan), “KWI International” (Avstriya), “Nirosoft” (İsrail), “Sampro Canada” (Kanada), “Sulzer” (İsveçrə), “Turan Makina” (Türkiyə), “Valvotubi Ind” (İtaliya), “Kommunalnik zavodu” (Belarus) və digər şirkətlərin adları var.
Gün.Az