AZS 731-2012 standartları əsasında sertifikatlaşdırılmayan, lakin məhsulun üzərində "halal" sözündən istifadə edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.
Trend-in məlumatına görə, bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğunluğu təsdiq edən sertifikatı almaq üçün müraciət edən müəssisələrdə aparılan araşdırmaların yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
F.Talıblı qeyd edib ki, məqsəd qanunvericiliyin tələblərinin icra edilməsi ilə yanaşı, istehlakçı hüquqlarının etibarlı qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların bu sahədə daxili bazara inamının gücləndirilməsidir.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğunluğu təsdiq edən sertifikatı alan müəssisələrin məhsullarının üzərində "halal" sözündən istifadə etmək hüququ üçün Komitə tərəfindən əmtəə nişanı təsdiq edilib: "Üzərində "AZS Milli Sertifikatlaşdırma Sistemi. Halal" yazılmış nişanı yalnız sertifikat almış təsərrüfat subyektləri öz məhsullarında istifadə edə biləcəklər".
F.Talıblı əlavə edib ki, "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğun məhsul istehsal edən 4 müəssisənin məhsulları sertifikatlaşdırılıb.
Onun sözlərinə görə, bu müəssisələr - "Hakan Foods" FF Co. LTD müəssisəsi "Kral" və "Yeni dad" nişanlı məhsullar, "Səhliyalı" kiçik müəssisəsi "Min bərəkət, halal nemət" nişanlı məhsullar, "M T" LTD firması "Hacı Turqay" nişanlı məhsullar və "Zəhmət Ruzi" MMC "SAB" nişanlı məhsullar istehsal edəcək.
F.Talıblı qeyd edib ki, müraciət edən 9 müəssisədən digərlərində də hazırda araşdırmalar aparılır.
Onun sözlərinə görə, ətin hansı heyvana məxsus olduğunu müəyyən etmək üçün Azərbaycana reaktiv avadanlıqlar gətiriləcək. Yəni ətin iribuynuzlu mal-qaraya, ata və yaxud digər heyvana məxsusluğunu müəyyən etmək üçün Komitə tərəfindən reaktiv avadanlıqlar sifariş edilib.
F.Talıblı vurğulayıb ki, həmçinin Komitənin akkreditasiya etdiyi "AzSert" şirkətinin əməkdaşları standartın əsas tələblərindən biri olan heyvan kəsimi və digər xammalların hazırlanması prosesini izləmək məqsədilə Hindistan, Almaniya, Avstriya, Çexiya və Rusiyaya ezam olunublar.
TREND