Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İstanbul Türkiyə Azərbaycan Dərnəyi Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın vəfatının 25-ci ildönümü ilə əlaqədar yazıçı Esmira Fuadın şairin həyat və yaradıcılığına həsr etdiyi "Məhəmməd Hüseyn Şəhriyar" kitabını çap etdirib.
Təşkilat aprelin 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin və İstanbuldakı Azərbaycan Baş Konsulluğunun dəstəyi ilə Türk Dünyası Kültür Evlərində böyük şairin xatirə gecəsini və kitabın təqdimat mərasimini təşkil edəcək.
Tədbirdə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin dekanı, professor, doktor Məhəmməd Nur Doğan, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli, yazıçı-tədqiqatçı Yusif Gədikli və digərlərinin iştirakı, Məhəmməd Hüseyn Şəhriyarın həyatına həsr olunmuş filmin və folklor nümunələrinin nümayişi nəzərdə tutulub.
Qeyd edək ki, Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gələn Məhəmməd Hüseyn Şəhriyar 20-ci əsr Azərbaycan poeziyasının nəhənglərindən biridir. Ona ən çox məşhurluq gətirən "Heydərbabaya salam" poeması isə Vətən haqqında dastan kimi oxunur. Böyük şair 1988-ci ildə Vətən həsrəti ilə dünyasını dəyişib. Onun vəfat etdiyi gün - 18 sentyabr hər il İranda Milli Şeir Günü kimi qeyd edilir.
Milli.Az