“Kitabi-Dədə Qorqud”un elm aləminə təqdim olunmasının 200 ilinin tamam olması ilə bağlı UNESCO-ya müraciət ediləcək
29.2.2012

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Kitabi-Dədə Qorqud”un elm aləminə təqdim olunmasının 200 ilinin tamam olması ilə bağlı UNESCO-ya məktub göndərəcək. AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsi bununla bağlı AMEA Rəyasət Heyəti qarşısında məsələ qaldıracaq. Bu barədə AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov məlumat verib. O bildirib ki, “Kitabi-Dədə Qorqud”un UNESCO səviyyəsində qeyd edilməsi dastanın dünya miqyasında təbliğinə daha mühüm töhfə verə bilər.
M. İmanovun sözlərinə görə, “Kitabi-Dədə Qorqud”un Fridrix Dits tərəfindən elm aləminə təqdim olunmasının 200 ili 2015-ci ildə tamam olacaq. Bununla bağlı Folklor İnstitutu da tədbirlər silsiləsi təşkil edəcək. İnstitut tərəfindən elmi sessiya təşkil olunacaq və bu ilin aprel ayında keçiriləcək Respublika “Dədə Qorqud günü” F. Ditsin xatirəsinə həsr olunacaq.

                                                                                                                                          APA