Mobil telefonlarını itirənlər üçün yenilik
14.4.2014

Nazirlər Kabineti “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edib.

Nazirlər Kabinetinə istinadən xəbər verilir ki, qərara əsasən əgər mobil telefon cihazı itirilərsə və ya oğurlanarsa, bu halda İMEİ nömrəsi qara səhifəyə daxil edilməzdən əvvəl, həmin İMEİ nömrəli mobil telefon cihazı ilə istifadə edilən nömrəyə “bu mobil cihaz itirilmişdir, yaxınlıqdakı polisə könüllü surətdə təqdim etməyiniz xahiş olunur” qısa mesajı göndəriləcək.

Dəyişikliyə əsasən, ölkəyə gətirilən mobil cihazın qeydiyyata alınması üçün qeydiyyat mərkəzinə, ya da mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə getmək tələb olunmur.

Bundan sonra hüquqi və ya fiziki şəxslər mobil telefon cihazlarından Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən mobil (sellülar) telekommunikasiya operatorları ilə birgə təşkil edilmiş vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə, mobil cihazların İMEİ nömrələrinin mövcud statusu barədə məlumat alacaqlar.

Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması şəxsin istəyinə uyğun olaraq həm elektron, həm də yazılı müraciət etmə üsulları ilə aparılacaq.

Elektron müraciətetmə üsulu “Elektron hökumət” portalına daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə, mobil cihaza dair məlumatların daxil edilməsi yolu ilə yerinə yetiriləcək.

Yazılı müraciətetmə üsulu mobil cihazı ölkə ərazisinə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilməklə yerinə yetiriləcək.

Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edib, gətirdiyi mobil cihazın markasını, modelini və İMEİ nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını dolduracaq.

Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən araşdırılması üçün müəyyənləşmiş 3 iş günü 2 iş gününə endirilib.

Bu məlumatlar 2 iş günü ərzində Dövlət Gömrük Komitəsi tərəfindən MCQS-ə elektron formada göndərilən İMEİ nömrələri ilə müqayisə ediləcək. Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə ərizədə göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə daxil ediləcək və bu barədə ərizəçiyə qeydiyyat mərkəzi tərəfindən yazılı məlumat veriləcək.

Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həm elektron, həm də yazılı müraciətetmə üsullarında təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən araşdırılması da 3 iş günündən 2 iş gününə endirilib.

Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə və bu qayda ilə müəyyən olunmuş tələblərə riayət edildikdə, ərizədə göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə və ya uyğunlaşdırılmış ağ səhifəyə daxil edilir və bu barədə abunəçiyə qısa mesajla məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanda ötən ilin mayın 1-dən mobil cihazların qeydiyyat sistemi tərəfindən mobil cihazların qeydiyyat işlərinə başlanılıb.

Gün.Az