Bakının torpaq bazarında bahalaşma davam edir - ANALİZ
16.4.2014

Bu ilin əvvəlindən Bakının torpaq bazarında qiymətlər və aktivlik artımla yadda qalıb.
Mənzil bazarı seqmentini araşdıran “MBA LTD” Konsaltinq və Qiymətləndirmə şirkətindən verilən məlumata görə, yaranmış vəziyyət qış fəslinin tədricən sona yetməsi və tikinti sektoru üçün qarşıdan mövsümi ayların gəlməsi ilə bağlı olaraq hazırlıq işlərinin görülməsi, həmçinin şəhərdə növbəti söküntü dalğasının başlanması ilə əlaqələndirmək olar. Yanvar ayının əvvəlindən “Sovetski” deyilən ərazidə köhnə tikililərin söküləcəyi qərarı Bakı şəhərinin torpaq bazarında qiymətlərin artması ilə nəticələnib.

Şirkətin torpaq bazarında apardığı müşahidələrin nəticəsinə görə torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 0,63% azalıb. Fevral ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 1,35% artaraq 17 646 dollar/sot səviyyəsindən 17 884 dollar/sot səviyyəsində qərarlaşıb.

Bu ilin fevral ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət artımı müşahidə olunmasına baxmayaraq Abşeron, Nəsimi, Səbail və Nizami rayonlarında qiymət azalması müşahidə olunub. Qeyd edək ki, yanvar ayında da bu rayonlarda qiymət artımı qeydə alınıb. Ən çox qiymət azalması mərkəzi rayonlarda qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Xəzər, Qaradağ, Sabunçu və Suraxanı rayonları, ən passiv rayon isə Nəsimi və Nərimanov rayonlarıdır.

Bu ilin fevral ayında torpaq bazarında aktivlik şəhərin  III və IV zonalarında artıb. Qiymətlərin və torpağa olan tələbin artması təklif portfelinin həcmində son ayda azalması ilə müşahidə olunub.

Zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişib, mövsümi aylarda olduğu kimi, bütün zonalarda torpaq sahələrində qiymətlərin artımı müşahidə edilib.

Zonalar

yanvar 2014, $/sot

fevral 2014, $/sot

orta qiymət dəyişməsi, %

I zona

264102

264136

0,01

II zona

152627

153708

0,71

III zona

35985

38607

7,29

IV zona

5212

5465

4,85

Yuxarıdakı cədvəldən göründüyü kimi, hesabat ayında qiymətlərin artması bütün zonalar üzrə qeydə alınıb. Qiymətlərin artması bir tərəfdən qış mövsümünün tədricən sona yaxınlaşması ilə izah edilirsə, digər tərəfdən isə şəhərdə söküntü və bundan doğan fəsadlarla və əhalinin tədricən fərdi tikintiyə üstünlük vermələri ilə əlaqələndirilir.

Torpaq bazarında azalan təklif, aktivliyin və tələbatın artması ilə bağlı olub. Ekspozisiya müddətinin azalması isə əvvəldən də gözlənilən idi.

Ay ərzində torpaq bazarına təklif olunan ümumi 593 ədəd torpaq sahəsinin 90,0%-i boş sahə, qalanı isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Yeni tikililərin salındığı torpaq sahələrinin 20,1%-i köhnə yararsız evlərin sökülməsi, 5,5%-i keçmiş sənaye və məişət obyektlərinin yerləşdiyi torpaqlarda, qalan hissəsi isə yeni torpaqların alınması hesabına aparılıbdır. Təklif portfelində torpaq sahələrinin orta sahəsi 46,89% azalaraq 21,4 sot/sahə təşkil edib. Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin azalması demək olar ki, şəhərin bütün hissələrində müşahidə edilib. Bazarda təklifin azalması təbii ki, satışın həcminin artması və boş torpaq sahələrinin azalması ilə bağlı olub.

Bu il fevral ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlər yuxarıda qeyd edildiyi kimi artım ilə yadda qalıb. Qiymət indeksi ay ərzində 1,35% artaraq 8,951 səviyyəsində qərarlaşıb. 1 sot torpağın orta qiyməti də uyğun olaraq artaraq 17 884 dollar/sota çatıb. Tələb müxtəlif templə də olsa, əksər rayonlarda artım ilə seçilib və nəticədə fərdi tikintinin artması bazarda təklifin sayına da öz təsirini göstərib.

 Ümumən təklifin qıtlığı şəhərin mərkəzi ərazisində davam edir. Bu vəziyyət isə şəhərin mərkəzində boş torpaq sahələrinin azalması və söküntü işlərinin həcminin artması ilə izah olunur. Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Nəsimi rayonunda (350 000 $/sot), ən ucuz torpaq sahəsi isə Xəzər rayonunda (440$/sot) qeydə alınıb.


APA