Baba Pünhanın anım günüdür - Audio
17.4.2014

Bu gün Müasir Azərbaycan satira ədəbiyyatının görkəmli nümayəndəsi Baba Pünhanın (Atababa Seyidəli oğlu Mədətzadə) vəfat etdiyi gündür.

Baba Pünhan 1948-ci il noyabrın 5-də Bakının Kürdəxanı qəsəbəsində anadan olub.

1955-ci ildə M.Ə.Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu ildə 8-ci sinfi bitirib.

Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayından Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25 il müddətində həmin yerdə işləyib.

Baba Pünhan ilk qəzəlini 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlayıb, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb. Metroda işlədiyi ilk vaxtlarda “Metro” qəzetində kiçik həcmli şeir və qəzəlləri çap olunub.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edir. 2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar ölkənin bir sıra tirajlı qəzetlərində “Danabaş kəndinin Bakı filialı” rubrikası altında çap olunub.

1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli məclisi”nə dəvət olunub. 1996-cı ildə eyni zamanda həm “Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatla təltif olunub, həm də “Füzuli məclisi”nin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib.

1998-ci il “21-ci gənclik dərgisi”, 1999-cu il “Azərbaycan jurnalı”, 2004-cü il aprel ayında Moskvada bir neçə qəzəli rus dilində tərcümə olunub və “İRS-nasledie” Beynəlxalq Azərbaycan jurnalının 2004-ci il İranda çap olunan kitabda onun qəzəlləri də özünəməxsus yer tutaraq çap olunub.

2000-ci il noyabrın 3-də B.Pünhanın “Acı həqiqət” kitabı ilk dəfə işıq üzü görüb. Elə həmin ildə “Azərbaycan” jurnalı tərəfindən “Hikmət Ziya” adına mükafat alıb.

2000-ci il sentyabr ayında “Yalan çeynəyə-çeynəyə” adlı kitabı çap olunub. Həmin ildə AYB tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub. 2002-ci ilin avqust ayında şairin “Mən nə dedim ki...” kitabı oxuculara təqdim olunub. 2004-cü il “Kim nə götürdü” adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004-cü il aprelin 5-də Mərkəzi Kliniki Xəstəxanada ürəyində yenidən kiçik əməliyyat aparılıb. Aprelin 7-də evə buraxılıb, səhəri gün isə halı pisləşib və koma vəziyyətinə düşüb. 9 gün komada süni tənəffüslə saxlanılıb. Aprelin 17-i Baba Pünhanın ürəyi süni nəfəsdən imtina edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.
Video

gun.az