Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələri “Arşın mal alan” operettasını göstərmişlər - FOTO
18.4.2014

Aprelin 17-də Bakı Slavyan Universitetinin (BSU) akt zalında Novosibirsk Dövlət Teatr İnstitutu tələbələrinin ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası göstərilmişdir.

Tamaşa Novosibirsk vilayət Mədəniyyət Nazirliyinin, Novosibirsk Dövlət Teatr İnstitutunun və Novosibirskdə fəaliyyət göstərən “Rus-Azərbaycan evi”nin dəstəyi ilə Azərbaycanda keçirilən silsilə tədbirlər çərçivəsində təşkil olunmuşdur.

BSU-nun rektoru Asif Hacıyev “Arşın mal alan” musiqili komediyasının quruluşçu-rejissoru, “Aktyor sənəti və rejissorluq” kafedrasının dosenti Anatoli Axreyevə və Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələrinə minnətdarlığını bildirmişdir.
Rektor qeyd etmişdir ki, Azərbaycan və Rusiya tələbələri arasında dostluq əlaqələri iki ölkənin təhsil və mədəniyyət sahəsində möhkəm əlaqələrinin göstəricisidir.

Novosibirskdəki “Rus-Azərbaycan evi”nin sədri Mais Məmmədov vurğulamışdır ki, “Arşın mal alan” operettası Azərbaycan mədəniyyətinin incilərindən biridir.

Tamaşadan əvvəl Novosibirsk Pedaqoji Kollecinin tələbəsi Emil Malıgin Rəşid Behbudovun repertuarından “Yalqızam, yalqız” (“Ya dinok”) və Müslüm Maqomayevin repertuarından “Dəniz” (“More”) mahnılarını ifa etmişdir.
Sonra “Arşın mal alan” tamaşası göstərilmiş, tamaşaçılar tələbə-aktyorların məharətini alqışlamışlar.

AzərTAc