Bakıda ictimai yerlərdə pulsuz Wi-Fi olacaq
21.4.2014

2015-ci ildə Bakıda keçirilməsi planlaşdırılan I Avropa Oyunları zamanı ictimai yerlərdə- parklarda, stadionlarda, ticarət-əyləncə mərkəzlərində ödənişsiz Wi-Fi şəbəkəsi açılacaq.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib ki, nazirlik oyunlar zamanı telekommunikasiya infrastrukturunun davamlı işini təmin edəcək.

Nazir müavini bununla bağlı planları açıqlayıb.

O qeyd edib ki, nazirliyin planlarına əsasən, qarşıdakı işlər çərçivəsində yeni optik rabitə xəttinin çəkilişi və mis telekommunikasiya infrastrukturunun yaradılması planlaşdırılır.

“Optik xəttin ümumi uzunluğu 230 kilometr, mis telekommunikasiya infrastrukturunun uzunluğu isə 70 km-ə yaxın təşkil edəcək. Xətlər bilavasitə yarışların keçiriləcəyi yer, eləcə də digər təşkilati yerlər istiqamətində çəkiləcək. Onların arasında məlumatların verilməsi sürəti 1-dən 10 giqabit/saniyəyədək olacaq”, - deyə, nazir müavini qeyd edib.

Onun sözlərinə görə, tikinti üzrə bütün işlər 2015-ci ilin fevralınadək başa çatdırılacaq.
O qeyd edib ki, işlər çərçivəsində ISDN xidmətləri tətbiq ediləcək, internetə giriş infrastrukturu genişləndiriləcək, ictimai yerlərdə (parklarda, stadionlarda, ticarət-əyləncə mərkəzlərində) ödənişsiz Wi-Fi şəbəkəsi açılacaq.

“Eləcə də teleradio verilişlərinin keyfiyyətli və davamlı infrastrukturun təşkili üzrə işlərin görülməsi planlaşdırılır. Keyfiyyətli videoaxının təşkili məqsədilə birbaşa beynəlxalq rabitə kanalı və ayrıca optik-lif şəbəkə işə salınacaq. Bundan əlavə, “Azerspace-1” telekommunikasiya peykinin resurslarından da istifadə olunacaq”,-deyə, o əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın mobil operatorlarına mobil rabitənin etibarlı və möhkəm işini (2G, 3G, 4G, eləcə də rouminq qismində) təmin etmək tapşırılıb.

“Bakıda Olimpiya stadionu ərazisində mobil rabitə infrastrukturunun yaradılması üzrə bütün işlər “Azercell Telecom” şirkətinə həvalə edilib. O, həmçinin digər operatorların, eləcə də “Bakcell” və “Azerfon”un öz avadanlıqlarına qoşulması imkanını təmin etməlidir. Hazırda “Azercell”in avadanlıqları artıq paytaxtın Gimnastika Arenasının ərazisində quraşdırılıb.

Qonaqların telefonlarının mobil şəbəkəyə qoşulması üçün “Azerfon” mobil operatorunun nömrələrindən istifadə olunacaq. Şirkətin üzərinə həmçinin keyfiyyətli mobil rabitənin təşkili öhdəçiliyi qoyulub”,-deyə, o bildirib.

Nazir müavini qeyd edib ki, “Bakı-2015” Avropa Oyunlarının keçirildiyi dövrdə Məlumat Xidmətləri Mərkəzi işə salınacaq və o, bütün sutka ərzində müxtəlif dillərdə xidmət göstərəcək.

“Bulud texnologiyaları”ndan geniş istifadə olunacaq. Habelə “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edilmiş poçt markalarının buraxılışı da nəzərdə tutulub”.

İ.Məmmədovun sözlərinə görə, radiotezlik spektrinin mühafizəsi mühüm məsələlərdən biridir. Azərbaycanda Avropa oyunları keçirilənədək təxminən səkkiz min (30 meqaherstdən 3 giqaherstədək işləyən) radiotezlik kanalın ayrılacağı gözlənilir.

“Kiberhücumlardan müdafiə qarşıdakı “Bakı-2015” Birinci Avropa Oyunlarının təhlükəsizliyinin mühüm aspektlərindən biridir. Nazirliyin planlarına görə, şəbəkə infrastrukturunun (eləcə də dövlər strukturlarının və başqa müəssisələrin saytlarının) möhkəmliyinin təmin edilməsi üçün dünyanın müxtəlif ölkələrindən mütəxəssislər və yardım qrupları cəlb olunacaqlar”,-deyə, o əlavə edib.

gun.az