Aprelin 21-də Heydər Əliyev Sarayında III “Univision” tələbə mahnı müsabiqəsinin final mərhələsi keçirilmişdir.
Müsabiqə Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin birgə dəstəyi ilə reallaşdırılmışdır.
Final gecəsində çıxış edən gənclər və idman naziri Azad Rəhimov artıq üçüncü ildir keçirilən “Univision” tələbə mahnı müsabiqəsinin tələbə gəncləri birləşdirdiyini söyləmişdir.
Nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclər siyasətinin dəstəkləndiyini diqqətə çatdıraraq belə layihələrin istedadlı gəncləri üzə çıxarmaq baxımından əhəmiyyətini vurğulamış və iştirakçılara uğurlar arzulamışdır.
Azad Rəhimov ikinci dəfə təşkil olunacaq Beynəlxalq “Univision” tələbə mahnı müsabiqəsinin MDB ölkələrində və Avropada geniş vüsət aldığını qeyd edərək bildirmişdir ki, beynəlxalq müsabiqəyə 20-dək ölkədən iştirakçılar qatılacaqlar.
Sonra finala vəsiqə qazanmış 14 iştirakçı - “ADA” Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, “Odlar Yurdu” Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri çıxışlarını təqdim etmişlər.
İştirakçıların heç biri musiqi sahəsində professional olmasa da, gözəl performans nümayiş etdirmişlər.
Münsiflər heyətinin qərarına əsasən, “ADA” Universitetinin təmsilçisi Günay Bədəlova birinci, Bakı Dövlət Universitetinin tələbəsi Əlihüseyn Quluzadə və Bakı Slavyan Universitetinin tələbəsi Kəmalə Novruzova ikinci, Azərbaycan Dövlət Neft Akademiyasını təmsil edən “Old Academy” qrupu isə üçüncü yerləri tutmuşlar.
Müsabiqənin qalibinə 3 min və müsabiqənin simvolu, ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq 2000 və 1000 manat mükafat verilmişdir.
Üçüncü “Univision” tələbə mahnı müsabiqəsinin qalibi Azərbaycanı mayın 14-dən 21-dək Bakıda keçiriləcək II Beynəlxalq “Univision” tələbə mahnı müsabiqəsində təmsil edəcəkdir.
AzərTAc