Bakıda "Niderland həftəsi" başlayıb
22.4.2014

Niderland Krallığının Azərbaycandakı səfirliyi Azərbaycanda Kral gününü qeyd etmək üçün 22-26 aprel tarixlərində “Niderland həftəsi” keçirir.

Bu barədə Kral günü münasibətilə keçirdiyi mətbuat konfransında Niderland Krallığının Azərbaycandakı səfiri Robert Yan Qabriyels deyib.

Onun sözlərinə görə, həftə ərzində Bakıda müxtəlif tədbirlər təşkil olunacaq, senator Rene van der Linden başçılıq etdiyi 20 nəfərdən ibarət ticarət missiyası Bakıya səfər edəcək. Missiyanın tərkibinə 20 nəfərdən artıq müxtəlif şirkət təmsilçiləri daxildir.

Səhiyyə, təhsil, informasiya texnologiyaları, sənaye və digər sahələrə daxil şirkətlər həmin missiyaya daxildir. Səfər zamanı Azərbaycan rəsmiləri ilə yüksək səviyyəli danışıqlar və korporasiyalar arasında görüşlər olacaq. Səfir deyib ki, keçiriləcək bu görüşlər ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcək.

Aprelin 23-də isə Təhsil Nazirliyi ilə birgə uşaqlar üçün uşaqlar üçün tədbirlər keçiriləcək. İncəsənət Qalereyasında uşaqlar arasında yarış, sərgi, stolüstü tennis üzrə seminar keçiriləcək. Bakıda xokkey seminarının, caz konsertinin təşkili də nəzərdə tutulub.

Gün.Az