Azərbaycan prezidenti İlham Əliyev Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
23.4.2014

Azərbaycan prezidenti İlham Əliyev Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, 2014-cü ildə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun) anadan olmasının 150 illiyi tamam olur.

Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında mühüm yer tutan Keçəçioğlu Məhəmməd milli musiqinin qədim tarixi köklərə malik zəngin ənənələrini layiqincə yaşatmış, xüsusən klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı kimi Azərbaycanın çoxəsrlik mədəniyyəti xəzinəsinə qiymətli töhfələr verib.

Azərbaycan prezidenti xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin milli musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Konservatoriyasının təkliflərini nəzərə almaqla, ustad sənətkar Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməyi tapşırıb.

APA