“Addım 1” kitabı Azərbaycan dilində təqdim edilmişdir
23.4.2014

“Addım-Addım” sistemi dünyanın aparıcı şahmat tədris-təlim metodudur. Bu sistemin birinci kitabı olan “Addım 1” Azərbaycan dilində təqdim edilmişdir.

“Addım-Addım” şahmat tədris-təlim metodu 1987-ci ildə Rob Brunia və Cor van Wijerden tərəfindən uşaqlara şahmat oynamağı öyrətmək məqsədilə yaradılmışdır.

İlk dəfə Niderland Krallığı Şahmat Federasiyası tərəfindən tanınan bu metod qısa bir müddətdə böyük kütləyə malik olmuşdur. Tezliklə isə bu metod bütün Avropa ölkələrinə, eyni zamanda ABŞ, Kanada, Avstraliya, Sinqapur, Honkonq, Cənubi Afrika Respublikasında sürətlə yayılmışdır. Hazırda “Addım-Addım” metodunun vəsaitləri 12 dildə mövcuddur.
“Addım-Addım” şahmat metodu ən müasir təlim proqramı olaraq dünya səviyyəsində rəğbət qazanmışdır.

Bu metod orta məktəb, şahmat məktəbləri və fərdi məşğələlər daxil olmaqla bütün növ tədris üsullarında böyük uğurlara nail olmuşdur. Çünki bu sistem ilə şagirdin və ya şahmatçının irəliləyişini asanlıqla təqib etmək mümkündür.

AzərTAc