Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə verilmişdir - FOTO
24.4.2014

Aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.

Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası ilk dəfə 1933-cü ildə yaradılmışdır. Bakı aeroportunun ərazisində ilk ikimərtəbəli aerovağzal binası 1965-ci ildə tikilib istismara verilmişdir. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı aeroportunda yeni aerovağzal kompleksinin layihələndirilməsinə və tikintisinə başlanmışdır. Lakin bu layihənin həyata keçirilməsi yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra baş tutmuşdur. Beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksinin açılışı ulu öndər Heydər Əliyevin iştirakı ilə 1999-cu ildə olmuşdur. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.

Bununla paralel olaraq, ölkənin regionlarında da mülki aviasiya intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı işə düşmüşdür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncədə, Zaqatalada və Lənkəranda hava limanları istismara verilmişdir. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunmuşdur.

Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yeni və müasir təyyarələrlə zənginləşdirilmişdir. Hazırda AZAL-ın təyyarələri dünyanın onlarla ölkəsinə uçuşlar həyata keçirir.
Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli mövqe tutmasını başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi inkişaf proqramları mülki aviasiyanın yüksəlişində də mühüm rol oynamışdır. Son illərdə ölkəmizdə mülki aviasiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisidir.

2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və bu günlərdə tikintisi başa çatdırılan yeni aerovağzal kompleksi gözəlliyi və funksional keyfiyyətləri ilə seçilir. Dövlətimizin başçısı bir neçə dəfə tikinti işlərinin gedişi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. Nəhəng aviaşirkətlərdən birinə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin istifadəyə verilməsi bu hava limanının strateji əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

AzərTAc