Çuvaş Respublikasında XVIII Beynəlxalq Balet Festivalı böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin nümayişi ilə açılmışdır
24.4.2014

Rusiyanın Çuvaş Respublikasında keçirilən XVIII Beynəlxalq Balet Festivalı böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin nümayişi ilə açılmışdır.

Azərbaycan bəstəkarının bu əsərinin Çuvaş Dövlət Opera və Balet Teatrında premyerası baletmeyster və librettonun müəllifi David Avdışin, quruluşçu rəssam Anna Ustinovanın təqdimatında böyük anşlaqla baş tutmuşdur.

Yerli mətbuatın yazdığına görə, səhnəyə ən böyük gül səbətləri Çuvaş Respublikasının rəhbəri Mixail İqnatyevin və regionun Azərbaycan diasporunun adından gətirilmişdir.

Aprelin 24-də Fikrət Əmirovun “Min bir gecə” baleti festival çərçivəsində təkrar nümayiş etdiriləcəkdir. Festivalın proqramına Corc Bayronun eyni adlı poeması əsasında səhnələşdirilmiş “Korsar”, Pyotr Çaykovskinin “Sonalar gölü” tamaşaları da daxil edilmişdir.

AzərTAc