Azərbaycanın görkəmli sərkərdəsi, tam artilleriya generalı Əli Ağa Şıxlinskinin ad günü münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xatirə mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin, hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, ictimaiyyətin və veteran təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə görkəmli sərkərdə Ə.Şıxlinskinin və onun həyat yoldaşı Nigar xanımın məzarlarını ziyarət ediblər.
Xatirə mərasimində çıxış edən natiqlər Ə.Şıxlinskinin keçdiyi döyüş yolu və qəhrəmanlıqlarından söz açıb, həyat və fəaliyyətindən danışıblar.
Azərbaycanın görkəmli hərb xadimləri və sərkərdələrinin xatirəsinə göstərdikləri hörmət və ehtirama görə ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və müdafiə naziri general-polkovnik Zakir Həsənova mərasimdə minnətdarlıq ifadə olunub.
Tədbir görkəmli sərkərdənin həyat və fəaliyyətinə həsr olunmuş foto-sənədlər sərgisinə baxış və filmin nümayişi, o cümlədən, incəsənət işçilərinin təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə davam edib, hərb və elm xadimlərinin, tədqiqatçıların çıxışları ilə sona çatıb.
Qeyd edək ki, Əli Ağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub. Anası Şah Yəmən xanım Qayıbova məşhur şair Molla Vəli Vidadinin nəvəsidir.
1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirib.
1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşan Ə.Şıxlinski Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə “Qızıl qılınc”la mükafatlandırılıb.
Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi alıb.
Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri 1910-cu ildə çap olundu. Bundan əlavə, onun “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verilib. Beləcə o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilib.
1914-cü ildə baş verən I Dünya Müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi general Ə.Şıxlinskiyə tapşırılıb. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olunub. Şəxsi şücaətlərinə və hərbi istedadına görə “Artilleriya allahı” adını alıb.
1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Ə.Şıxlinskini vətəninə qayıtmağa məcbur etdi. Azərbaycan Ordusunun qurucularından olan artilleriya general-leytenantı Ə.Şıxlinski 1918-ci ilin dekabr ayında hərbi nazirin müavini təyin edilib.
1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Ə.Şıxlinski icra edirdi. Vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermədi və yeni sovet höküməti digərlərindən fərqli olaraq Ə.Şıxlinskiyə toxunmadı.
Sovet dövründə də fəaliyyətini davam etdirən Ə.Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra Qərargahında çalışıb. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərilib. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başlayıb. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edilib.
1928-ci ildə “Rusca-Azərbaycanca qısa hərbi lüğət” çap etdirən Şıxlinski məhz buna görə SSRİ Hərbi İnqilab Şurasının Fəxri Fərmanı ilə təltif edilib.
1929-cu ildən istefaya çıxan general-leytenant Ə.Şıxlinski bir çox orden və medallarla (I-IV dərəcə Anna, I-III dərəcə müqəddəs Stanislav, II-IV dərəcə Vladimir, IV dərəcə Georgi ordenləri), o cümlədən Fransanın yüksək hərbi ordenləri ilə təltif olunub.
Ə.Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat edib.



Gün.Az