Ankaranın Keçiörən bələdiyyəsinin təşkil etdiyi III Beynəlxalq Ramazan festivalı çərçivəsində ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Gecəsi keçirilmişdir.
Gecədə Türkiyə Böyük Millət Məclisinin deputatları, diplomatik
nümayəndəliyimizin əməkdaşları və qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak
etmişlər.
Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak qeyd etmişdir ki, artıq bu festival
çərçivəsində qardaş xalqların görüşməsi bir ənənəyə çevrilmişdir. Ankaralıların
müqəddəs Ramazan ayında Azərbaycan mədəniyyəti və incəsənəti nümunələrinə bir
daha tamaşa etmələri çox əlamətdar hadisədir.
Gecənin digər iştirakçısı - Elazığ Harput Mədəniyyət Dərnəyinin sədri Süleyman
Kıvrıkoğlu da qardaş Azərbaycanın və onun mədəniyyətinin onlar üçün əziz
olduğunu söyləmişdir.
Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Ceyhun Zeynalov,
Türkiyə-Azərbaycan Dərnəyi sədrinin müavini Ənvər Türkoğlu iki qardaş ölkə
arasında əzəli və əbədi olan tarixi, siyasi, sosial və mədəni əlaqələrdən bəhs
etmiş, bu qardaşlıq tellərinin daha da möhkəmlənməsinə verdiyi töhfəyə görə
festivalın və gecənin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan və Elazığ təmsilçilərinə Keçiörən bələdiyyəsinin xatirə hədiyyələri
təqdim edildikdən sonra incəsənət ustalarının ifasında milli rəqslərimiz və
mahnılarımız ifa olunmuşdur.