“Fəxr edirəm ki, “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycanın
paytaxtı Bakıda keçiriləcəkdir”. Tanınmış azərbaycanlı müğənni Emin
Ağalarov Böyük Britaniyanın paytaxtı Londonda ilk konsertini bu sözlərlə
açmışdır. Londonun mərkəzindəki “Under The Bridge” klubunda təşkil
edilmiş konsertdə Emin bu ölkədə çox sevilən mahnılarını ifa etmişdir.
Dinləyicilər Emin Ağalarovun ifasını böyük hərarətlə qarşılamış, onun
səhnəyə hər çıxışı gurultulu alqışlarla müşayiət olunmuşdur. Emin
Ağalarovun yaradıcılığı Britaniya dinləyicilərinə yaxşı tanışdır. Onun
“Wonder" albomu və "Any Time You Fall", "Obvious" kompozisiyaları "BBC
Radio 2” radiostansiyasında populyarlığına görə birinci yeri tutmuşdur.
"Any Time You Fall" və "Obvious" kompozisiyaları isə Britaniyanın 80-dən
çox radiostansiyasının hitinə çevrilmişdir.
Konsertdən sonra Emin Ağalarov müsahibəsində demişdir: “Bu, mənim Böyük
Britaniyada ilk konsertimdir. Çox şadam ki, konsert uğurlu oldu.
Təəssüratlarım olduqca yaxşıdır. Əlbəttə, Londonda dinləyicilərlə
görüşüm Bakı və Moskva konsertlərimdən fərqlənir. Əgər evdə, Vətənimdə
məni artıq tanıyırlarsa, orada mən artıq yolun müəyyən hissəsini
keçmişəmsə, burada, Avropada yolun başlanğıcındayam. Anlayıram ki, hələ
çox işləməliyəm. Bu konsert mənim üçün yeni yollar açmışdır. Gecədə
təkcə Bakıdan, Moskvadan deyil, Almaniyadan, İsveçrədən, Avstriyadan
xeyli qonaq iştirak edirdi. Əlbəttə, prodüserlərim, yaxınlarım,
dostlarım mənə dəstək oldular”. Emin Ağalarov daha sonra bildirmişdir
ki, “Eurovision” mahnı müsabiqəsinin 2012-ci ildə Bakıda
keçiriləcəyindən böyük qürur duyur və bu müsabiqədə qonaq kimi iştirak
etmək niyyətindədir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Rusiyanın
Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan diasporunun üzvləri, Böyük
Britaniya ictimaiyyətinin tanınmış nümayəndələri konsertdə olmuşlar.