Lənkəranlı mədəniyyət işçisi bambuk ağacından müxtəlif məişət əşyaları hazırlayır - ФОТО
28.4.2014

Lənkəran rayonunun Talışlı kənd sakini, mədəniyyət işçisi Eynulla Cəlalovun maraqlı hobbisi vardır. O, on ilə yaxındır ki, bambuk ağacından müxtəlif məişət əşyaları hazırlayır.

Eynulla Cəlalov Çində “həyat ağacı” adlandırılan bambuk Lənkəran rayonuna ötən əsrin əvvəllərində gətirilmişdir. Rütubətə, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimə malik cənub bölgəsinə tez uyğunlaşmışdır.

Eynulla Cəlalovun həyətyanı torpaq sahəsində yetişdirdiyi 1000-dən çox bambuk ağacı bu gün əl işləri hazırlamaqda onun üçün əvəzsiz xammal mənbəyidir. Onun boş vaxtlarında həyətindəki emalatxanada bambukdan hazırladığı əşyalar arasında çarpayı, masa, stul, kreslo, kitab rəfi daha çox yer tutur. Bu əşyaların hər birinin hazırlanması üçün isə səbr, dözüm, ən başlıcası isə bacarıq lazımdır.
Eynulla Cəlalovun düzəltdiyi məişət əşyaları dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilmişdir. O, bu işlərə görə fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna layiq görülmüşdür.

Bambuk ağacının xüsusiyyətlərindən söz açan usta bildirir ki, bu, çox nəvaziş və qulluq tələb edən bitkidir. Yaxşı qulluq olunan hər bir ağac 6 həftəyə böyüyüb boy atır. İkinci ildən isə inkişaf etməyə başlayaraq, möhkəmlənir. Bambuk ağacları müxtəlif diametrlərdə olur. Eynulla Cəlalov xammal kimi əsasən üçillik bambuk ağaclarından istifadə etməyə üstünlük verir. Ustanın fikrincə, bambuk çox qiymətli ağacdır. Ondan mebel sənayesində istifadə etməyin səmərəsi böyükdür.

AzərTAc