Ulyana Serqenko 1973-cü il tarixində
Moskvada dünyaya gəlib. Onun uşaqlığından bəri iki ehtirası olub: moda
və fotolar. Ancaq maddi imkansızlıqdan dolayı bu iki sahənin heç birində
işləməyə fürsət tapmır. Lakin onun həyatında nağıllardakı kimi dönüş
yaranır.
Bir gün Ulyana Serqenko üçün hər şey dəyişir. Rusiyanın ən zəngin iş
adamlarından biri Danil Khachaturov ilə evlənir. Həyat yoldaşının
hərtərəfli maddi dəstəyi nəticəsində 2 il ərzində şəxsi markasını
yaradır.
İstedadı və tərzi sayəsində qısa müddət ərzində moda dünyasında
inqilab edir. Orijinal stili ilə bu gün təkcə Rusiyanın deyil, bütün
dünyanın dəb ilahəsinə çevrilir.
Ulyana Serqenkonu digər dəb
ilahələrindən ayıran 1950ci illərin dəb tendensiyalarından ilham
almasıdır. İncə beli, qüsursuz üz cizgiləri və dramatik geyimləri ilə
hər kəsi özünə valeh edir. Ulyana Sergenkonun stilinin diqqət
çəkən detallarını təqdim edirik:
Tafta, məxmər və krujeva - Dəb ilahəsinin gecə
dəvətlərində geyindiyi əsasən qabarıq taftadan tikilən ətəkləri, belə
oturan məxmər donları və ən bahalı krujeva paltarları incə zövq
nümunəsidir. Hətta günün istənilən saatında ən eleqant paltarlarından
vaz keçmir.
Basma ətək və donlar - Onun stilində etnik üslubun
elementlərinə tez-tez rast gəlirik. Milli rus geyimlərinə xas iri güllü
basma donlar və ətəklər ən sevimli stilidir. Yerə qədər sürünən güllü
donları və ətəkləri ilə onu Rusiya dəbinin kraliçası adlandırmaq olar.
Qısa və transparan donlar - Ulyana Serqenko son
zamanlarda stilində dəyişiklik edib. Belə ki, incə bədən quruluşuna
yaraşan qısa donlarda o, çox seksual görünür.
Hündürdaban ayaqqabılar - Ulyana Serqenko adətən hündürdaban ayaqqabılarla göz oxşayır. Onu düz ayaqqabılarda görmək çətin məsələdir.
Şallar və şlyapalar - Ulyana Serqenko papaqları ilə
hər zaman diqqət çəkir. Onun üslubunda dəbdəbəli zinət əşyalarına rast
gələ bilməsək də taxdığı eleqant papaqlar onu çox kübar göstərir.
Yəni əsas aksesuarları onlardan ibarətdir.
publika.az