Tatarıstan Respublikasının paytaxtında “Kazan türk dünyasının mədəniyyət paytaxtı – 2014” İlinin açılışına həsr edilmiş tədbirlər keçirilmişdir.
Tatarıstan Respublikasının Bakıdakı daimi nümayəndəliyindən verilən məlumata görə, bu tədbirlərdə Azərbaycan Respublikasını Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov təmsil etmişlər. Azərbaycan Respublikasının nümayəndə heyətini Tatarıstan Respublikasının Bakıdakı daimi nümayəndəsi Alfred Zakirov müşayiət etmişdir.
Kazan Kremlində Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov “Kazan türk dünyasının mədəniyyət paytaxtı – 2014” İlinin açılış mərasimində iştirak edən nümayəndə heyətləri ilə görüşmüşdür.
Tatarıstan Respublikasının Prezidenti Azərbaycan parlamentinin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti və digər nümayəndə heyətləri ilə görüşmüşdür.
Prezident Minnixanov qonaqlara Kazana gəldiklərinə görə təşəkkürünü bildirmiş və Kazanın türk dünyasının mədəniyyət paytaxtı statusunun respublika üçün əhəmiyyətini vurğulamışdır. Tatarıstan Prezidentinin fikrincə, müasir dövrdə türk dünyasının rolu artır və respublika rəhbərliyi TÜRKSOY beynəlxalq təşkilatının üzvü olan ölkələrlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir.
Tatarıstan paytaxtının qonaqları şəhərin mədəni həyatı ilə tanış olmuş, Kazan Kremlinə və digər görməli yerlərə baş çəkmişlər. Tatarıstan Respublikası Yazıçılar İttifaqında görüşlər olmuşdur. Nümayəndə heyətləri poeziya bayramında da iştirak etmiş, görkəmli tatar şairi Qabdulla Tukayın abidəsi önünə tər çiçəklər qoymuşlar.
Musa Cəlil adına Tatarıstan Dövlət Opera və Balet Teatrında “Kazan - türk dünyasının mədəni paytaxtı -2014” İlinin təntənəli açılışı olmuşdur. Açılış mərasimi səhnələşdirilmiş verilişlə başlamışdır. Sonra TÜRKSOY beynəlxalq təşkilatının üzvü olan ölkələrin bayraqları zala çıxarılmışdır.
Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Dövlət Şurası və Tatarıstan hökuməti adından qonaqları Tatarıstan baş naziri İldar Xalikov salamlamışdır. O, tədbirin bütün iştirakçılarını bu əlamətdar tarixi hadisə münasibətilə təbrik etmişdir.
AzərTAc