Azərbaycan Bəstəkarlar İttifaqında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş olmuşdur.
İttifaqın mətbuat xidmətindən bildirmişlər ki, görüşdə respublikamızın
tanınmış bəstəkarları və musiqişünasları onları narahat edən məsələlərlə
bağlı suallarla nazirə müraciət etmişlər.
Görüşdə bəstəkarların mənzillə təmin edilməsindəki çətinliklər,
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınan əsərlərə görə
bəstəkarlara ödənilən qonorarın məbləğinin qaneedici olmaması, Üzeyir
Hacıbəyli adına Konsert Salonunda keçiriləcək konsertlərdə iştirak edən
musiqiçilərin həvəsləndirilməsi, Bəstəkarlar İttifaqının nəzdində
fəaliyyət göstərən “Contempo” ansamblının və “Oazis” simli kvartetinin
fəaliyyətinin stimullaşdırılması, həmçinin “İpək yolu” Beynəlxalq musiqi
festivalının gələcəkdə maliyyələşdirilməsi və digər məsələlər müzakirə
olunmuşdur.
Ə.Qarayev nazirlik tərəfindən Bəstəkarlar İttifaqına hər cür dəstəyin veriləcəyini söyləmişdir.
AzərTAc