Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Moldova Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olmuşdur.
Moldova Mədəniyyəti Günlərini Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Moldovanın mədəniyyət naziri Monika Babuk açmışdır.
Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından qonaqları səmimi salamlayaraq qeyd etmişdir ki, ölkələrimiz müstəqillik əldə edəndən sonra onların arasında qardaşcasına münasibətlər yaranmışdır.
Nazir xatırlatmışdır ki, bu illər ərzində Azərbaycanda artıq dördüncü dəfə Moldova Mədəniyyəti Günləri keçirilir.
Monika Babuk mədəniyyət günlərinin təşkilində göstərilmiş dəstəyə görə Azərbaycan xalqına və hökumətinə dərin təşəkkürünü bildirmişdir. Nazir qeyd etmişdir ki, Moldova beynəlxalq arenada həmişə Azərbaycanın dəstəyini hiss edir.
Qeyd edilmişdir ki, mədəniyyət günlərinin proqramı maraqlı olacaqdır. Bu proqrama əsasən, Ştefenes qardaşlarının və baletmeyster Yuri Bivolun rəhbərliyi ilə “Fluyeraş” xalq musiqi və rəqs ansamblının konserti nəzərdə tutulmuşdur.
Mədəniyyət günləri çərçivəsində Əməkdar İncəsənət Xadimi, indiyə qədər Moldovada və xaricdə 38 dəfə fərdi sərgiləri keçirilmiş Mixay Potırnikenin fotoşəkillərinin sərgisi açılacaqdır. Moldova Mədəniyyəti Günləri çərçivəsində Anatol Ştefenesin başçılıq etdiyi “Trigon” qrupunun konserti olacaqdır.
Konsertdə tanınmış ifaçı Vali Boqyanu iştirak edəcəkdir. “Fluyeraş” xalq musiqi və rəqs ansamblı Sumqayıtda da çıxış edəcəkdir. Sonra “Fluyeraş” xalq musiqi və rəqs ansamblı çıxış etmişdir.
Azərbaycanda Moldova Mədəniyyəti Günləri mayın 1-də başa çatacaqdır.
AzərTAc