“Nizami obrazları xalçalarda” miniatür kitabında dahi şairin poeziyasının ucalığı bir daha əksini tapmışdır
30.4.2014

Azərbaycan Respublikası “Kitab” Cəmiyyəti tərəfindən “Nizami obrazları xalçalarda” miniatür kitabı “İndiqo” mətbəəsində nəfis şəkildə çapdan çıxmışdır.

Kitabın müəllif-tərtibçisi Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyevadır.

“Nizami obrazları xalçalarda” kitabında təqdim olunan xalçalara tamaşa edərkən sanki insan, dahi Azərbaycan şairinin poeziya dünyasının sehrinə dalıb, bu zənginlikdən bir daha zövq alır. Kitabda dünya muzeylərini bəzəyən xalçalarla yanaşı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin və Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda olan müəllif xalçalarından da nümunələr gətirilmişdir.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ədəbiyyatşünaslarla yanaşı, müxtəlif sənət sahələrini araşdıran mütəxəssislərin də daim diqqət mərkəzində olmuşdur. Şərqdə Nizami Gəncəvi qəhrəmanları fırça və tişə ustaları tərəfindən heykəlləşmiş, miniatürlərə, tablolara çevrilmiş, habelə parça, tikmə və bədii metalda həkk edilmişdir.

Orta əsrlərdən başlayaraq şairin əsərləri ən yaxşı xəttatlar tərəfindən köçürülmüş, zərif şəkildə cildlənmiş, miniatürlərlə bəzədilmişdir. Nizaminin poemaları əsasında yaradılmış bu nümunələr yüksək bədii keyfiyyəti, incə zövq və zərif harmoniyası ilə seçilmiş, şairin yaratdığı obrazların qəhrəmanlığını, humanizmini, taleyini və ülvi məhəbbətini təcəssüm etdirmişdir.

Nizami dühasından bəhrələnən, onun əsərlərinin ruhuna nüfuz edən, obrazlarının daxili dünyasını duya bilən Şərq, o cümlədən Azərbaycan, Türkiyə, İran, Hindistan və s. sənətkarları həmin mövzuda yüksək sənət əsərləri olan xalçalar da yaratmışlar. Qarabağ, Şirvan, Təbriz xalça ustaları ədəbi mənbədən istifadə etməklə, örnək kimi miniatür təsviri sənət üslubundan da geniş bəhrələnmişlər. Nizami dühasının gözəllik, ədalət, humanizm, xoşbəxtlik uğrunda mübarizə ideyaları insanı zərif hisslər və xoş əhval-ruhiyyə aləminə aparır. Bu aləm - xoşbəxtlik həsrəti ilə dolu insan arzuları aləmidir. Məhz bu amillər əsrlər keçməsinə baxmayaraq müasir dövrə kimi xalça sənətində istifadə olunan humanist ideyalı Nizami əsərlərini tam dolğunluğu ilə göz önündə canlandırır.

Bu mənada nəfis şəkildə, maraqlı və rəngli illüstrasiyalarla tərtib olunan “Nizami obrazları xalçalarda” kitabı hər bir oxucuya Azərbaycan, rus və ingilis dillərində zəngin məlumatlar verir.

AzərTAc