“SİNAM” şirkətinin prezidenti Elçin Əliyev Qırğızıstanın Dövlət Vergi Xidməti tərəfindən həmin qurumda informasiya-kommunikasiya texnologiyalarının inkişafına verdiyi töhfəyə görə medalla təltif edilmişdir.
Qırğızıstan Dövlət Vergi Xidmətinin (DVX) sədr müavini Oktyabr Abdıkaimovun sözlərinə görə, Elçin Əliyev Qırğızıstanda irimiqyaslı və mürəkkəb layihənin həyata keçirilməsinə görə mükafatlandırılmışdır. E.Əliyevin rəhbərlik etdiyi şirkət Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən İnteqrasiya Olunmuş Vergi İnzibatçılığı Sistemi (İTAS) layihəsini reallaşdırmışdır.
Şirkətdən bildirilmişdir ki, sözügedən sistem DVX-ə bütün vergi xidmətinin fəaliyyətini dəyişməyə, onu dünya standartlarına uyğun, həmçinin Amerika və Yaponiyanın vergi sahəsi üzrə aparıcı mütəxəssislərinin töhfələrini və təcrübələrini nəzərə almaqla yeni mərhələyə yüksəltməyə imkan vermişdir.
O. Abdıkaimov qeyd etmişdir ki, vergi inzibatçılığının bütün əsas biznes-prosesləri əhatə etməsi, sistemin çevik şəkildə tənzimlənməsi, sistemin yerlərdə müşayiət olunma zərurətinin olmaması və analitik hesabatlılığın yardımı ilə idarə qərarlarının verilməsinə dəstək Azərbaycanın İT şirkətinin hazırladığı və tətbiq etdiyi sistemin əsas üstünlükləridir.
Sistem vergi xidmətində çalışan əməkdaşlara yeni vergiləri və hesabatları müstəqil sürətdə daxil etməyə, biznes-prosesləri, daxiletmə formalarını, həmçinin risklərin qiymətləndirilmə meyarlarını çevik şəkildə tənzimləməyə imkan verir. Sistem çərçivəsində qərarların verilməsi üçün çoxgöstəricili analitikanı və səmərəli hesabatları əldə etmək olar.
© AzərTAc