“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium keçirilir
22.7.2011

Muxtar respublikanın paytaxtında “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium açılmışdır. Simpoziumun iştirakçıları əvvəlcə Naxçıvanın ilk yaşayış yerləri və ilk şəhər mədəniyyəti mövzusunda yazılmış kitablardan ibarət sərgiyə baxmışlar. Məlumat verilmişdir ki, 1996-cı ilə qədər Naxçıvan barədə cəmi 40-dək kitab çapdan çıxdığı halda, son 15 ildə bu mövzuda 700-dən artıq kitab, monoqrafiya, dərslik və elmi məqalələr hazırlanaraq nəşr edilmişdir. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq simpoziumun açılışı münasibətilə iştirakçı və qonaqları təbrik edərək dedi ki, beynəlxalq simpozium Azərbaycan xalqının taleyində mühüm rol oynayan tarixi bir günün ərəfəsində keçirilir. Xarici ölkələrin aparıcı elmi müəssisələri mütəxəssislərinin də iştirakı ilə Naxçıvanın tarixinə, arxeologiyasına və folkloruna dair tədqiqatlar aparılmış, ekspedisiyalar təşkil olunmuş, çoxsaylı əsərlər nəşr edilmişdir. İyulun 23-də Ordubad rayonundakı Gəmiqayada simpoziumun yekun iclası olacaqdır.