“Formula-1” yarışı Bakıda keçiriləcək!
2.5.2014

2016-cı ildə “Formula-1” yarışlarının bir mərhələsinin Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalanır.

"Formula 1"-in Qran-pri mərhələlərindən biri gələn ilin payızında Azərbaycanda keçiriləcək. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda yarış mərhələsinin keçirilməsi üzrə rəsmi sənədlər zərfi mayın sonunadək imzalanacaq. Sənədlər “Formula One World Championship Limited” və “Baku Grand Prix” şirkətlərinin rəhbərləri arasında imzalanacaq.

Xatırladaq ki, ötən ay İtaliyanın “Corriere dello sport” internet saytında “Formula-1”in mərhələ yarışının Azərbaycanda keçirilməsi ilə bağlı məqalə yerləşdirilmişdi.

Məqalədə “Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının rəhbəri Berni Ekklstoun yarışların 2015-ci və ya 2016-cı ildəki mərhələlərindən birinin Azərbaycanın paytaxtı Bakıda keçiriləcəyini qeyd etmişdi.

“Biz Azərbaycana böyük maraq göstəririk. Bakıda yarışlardan birinin 2015-ci ildə keçirilməsi ilə bağlı müzakirələr aparılır. Lakin hesab edirəm ki, bu tarix hələ tezdir. Ona görə də mərhələ yarışı, çox güman ki, 2016-cı ildə keçiriləcək” - deyə Berni Ekklstoun bildirmişdi.

ANS PRESS