Azərbaycanın ABŞ-dakı səfirliyi Passport DC 2014 festivalında iştirak edib - Foto
5.5.2014

Passport DC 2014 festivalı çərçivəsində Azərbaycanın ABŞ-dakı səfirliyi öz qapılarını amerikan vətəndaşları və paytaxt ziyarətçilərinin üzünə açıb.
Tədbirdə Vaşinqtonda fəaliyyət göstərən İpək Yolu Rəqs Kompaniyasının (Silk Road Dance Company) ifasında Azərbaycan milli rəqsləri (“Nəlbəki”, “Uzundərə”, “Yallı” və s.), uşaqlar üçün üzdə rəsmlərin çəkilməsi (facepainting), ölkəmizin tarixi, adət ənənəsi və milli mətbəxinin ləziz nümunələri qonaqlarda xüsusi heyranlıq hissi oyadıb.

Hər il Vaşinqtonda keçirilən Passport DC festivalının əsas məqsədi Amerika vətəndaşlarını müxtəlif mədəniyyətlərlə tanış etmək, insanların coğrafi biliklərini artırmaq, həmin ölkələrə səyahət etmək istəyini artırmaqdan ibarətdir. Bu il qeyd olunan festivalda 50 ölkənin səfirliyi iştirak edib.

Festivalın qaydasına görə səfirliklər gün ərzində öz qapılarını qonaqlara açır, Səfirliklə tanış edir, həmin ölkənin mədəniyyətinə, mətbəxinə, tarixinə dair məlumatı qonaqlarla paylaşırlar.

Passport DC 2014 festivalında Azərbaycan səfirliyi artıq ikinci ildir ki iştirak edir. Festival təşkilatçılarının dediyinə görə ölkəmizə maraq artmaqda davam edir.

Bu il Azərbaycan səfirliyini iki minə yaxın insan ziyarət edib. Ölkəmizin zəngin mədəniyyəti və tarixinə valeh olan qonaqlar yaxın zamanda Azərbaycana səfər edəcəklərini bildiriblər.

gun.az