Respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir
5.5.2014

Respublikada nəqliyyat vasitələrinin sayının sürətlə artması hərəkətin intensivliyinin yüksəlməsi ilə nəticələndiyindən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması sahəsində əlavə tədbirlərin görülməsinə zərurət yaranmışdır.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilmişdir ki, statistik məlumatlara əsasən, cari ilin 3 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr, ümumilikdə, ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 42 faizini, Bakı şəhərində isə 52 faizini təşkil edir. Təhlillər göstərir ki, əksər hallarda belə hadisələrin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri olur.
Məhz buna görə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq mayın 5-dən 11-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir. Bir həftə ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələn yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarının pozmasının qarşısı almaq məqsədilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirmək, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır.

AzərTAc