Dilarə Kazımova 5-ci oldu
5.5.2014

“Eurovision-2014” mahnı müsabiqəsinin mətbuat mərkəzində ən yaxşı ifaçıların müəyyən edilməsi ilə bağlı fanatlar və jurnalistlər arasında sorğu keçirilib.

Səsvermənin nəticələrinə əsasən, birinci yarımfinalın iştirakçıları arasında Azərbaycan təmsilçisi Dilarə Kazımova beşinci yerdə qərarlaşıb.

Birinci yarımfinalın iştirakçıları arasında Macarıstan təmsilçisi Andras Kallay Saunders 156 səslə ilk yeri qazanıb.

D.Kazımova jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın final mərhələsinə çıxacağına əmindir: “Hesab edirəm ki, özümü tamaşaçıya daha yaxşı təqdim edə bilsəm, uğur qazanacağam. Ölkəmizə bu il maraq daha çoxdur. Bu, həm Mətbuat Mərkəzində, həm də ümumiyyətlə, şəhərə gələn qonaqlar arasında hiss edilməkdədir”.

Qeyd edək ki, Dilarə Kazımova “Start a Fire” mahnısını mayın 6-da Kopenhagendə “Eurovision-2014” müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.

Milli.Az