Pirallahı rayonunda Gül bayramı qeyd edilmişdir
7.5.2014

Mayın 6-da Pirallahı rayonundakı “Gənclər Parkı”nda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumrayon Gül bayramı keçirilmişdir.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Rauf Əliyev və digər fəxri qonaqlar iştirak etmişlər.
Pirallahı Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, tədbir iştirakçılarını əyinlərində rəngli kağızlardan gül formasında xüsusi geyim olan məktəbli uşaqlar qarşılamış və onları Gül bayramı münasibətilə təbrik etmişlər.

Sonra qonaqlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitablardan və fotoşəkillərdən ibarət sərgiyə baxmışlar. 29 nömrəli uşaq yaradıcılıq mərkəzinin rəsm dərnəyi üzvlərinin malbertə köçürdüyü Gül bayramı mövzusunda improvizasiyaları, həmçinin orta məktəblərin, uşaq bağçalarının, V. Mustafazadə adına mədəniyyət mərkəzinin yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi maraqla izlənmişdir. Ulu öndər Heydər Əliyevin müxtəlif gül və çiçəklərlə bəzədilmiş portretləri, gül şəklində tikmələr və maketlər, göz oxşayan gül kompozisiyaları və ikebanalar diqqəti xüsusilə cəlb etmişdir.
Balacaların söylədikləri ulu öndər Heydər Əliyev şəxsiyyətini vəsf edən şeirlər bayram tədbirini xüsusi rövnəqləndirmişdir.

“Gənclər Parkı”nın mərkəzində torpaq ərazidəki təbii güllərdən yaradılmış kompozisiyalara da maraqla tamaşa edilmişdir.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş müxtəlif idman yarışlarının qalibləri mükafatlandırılmışlar.

Gül bayramı incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam etdirilmiş, ümumxalq gəzintisi və atəşfəşanlıqla başa çatmışdır.

AzərTAc