Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “beyin mərkəzləri”nin III forumunun açılış mərasimi başa çatıb
2.3.2012

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “beyin mərkəzləri”nin “İƏT ölkələrində dəyişikliklər və transformasiya” mövzusunda III forumunun açılış mərasimi başa çatıb.

Açılış mərasimində TASAM başqanı Süleyman Şensoy, İƏT baş katibinin xüsusi nümayəndəsi Omur Orxum, Ərəb DÖvlətləri Liqasının Avropa departamentinin rəhbəri Omniya Taxa, Bəhreyn və Küveytin strateji araşdırmalar mərkəzlərinin rəhbərləri çıxış ediblər. “Beyin mərkəzləri”nin rəhbərləri bu formatda görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar. Forum öz işini “Sosial-iqtisadi dinamika və siyasi dəyişikliklər”, “Milli və xarici siyasətin inkişaf icmalı”, “Dövlət idarəetməsində idarəetmə və innovasiyalar” sessiyaları üzrə davam etdirəcək.

Sabah forum iştirakçıları islam ölkələrində münaqişələrin sülh yolu ilə nizamlanması, həmçinin yeni “beyin mərkəzləri”nin yaradılması, onlara dəstək məsələlərini müzakirə edəcəklər. Forumun yekununda bir sıra sənədlər, o cümlədən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Misir, Pakistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumları arasında əməkdaşlıq haqqında memorandumlar imzalanacaq.

APA