Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.
Prezident İlham Əliyev açılışda iştirak etmişdir.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Sülh küçəsi 8A ünvanında yerləşən Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəz Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazisində qeydiyyatda olan 408 min vətəndaşa xidmət göstərəcəkdir.
Dövlətimizin başçısına məlumat verildi ki, beşmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilmişdir.
Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşə yaradılmışdır.
Bildirildi ki, “ASAN xidmət” mərkəzlərində yaşayış yerindən asılı olmayaraq, Bakı şəhərində qeydiyyatda olan bütün vətəndaşlara xidmət göstərilməsi nəzərdə tutulur. Mərkəzdə ilk dəfə olaraq UNİCEF ilə birgə Uşaq Hüquq Mərkəzi yaradılmışdır. Burada təşkilatla birlikdə tədbirlərin və uşaq hüquqları sahəsində maarifləndirmə kurslarının keçirilməsi nəzərdə tutulmuşdur.
Mərkəzdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin stendi də qurulmuşdur.
“ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunması, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Bununla yanaşı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlara uyğun quran və inkişaf etdirən dövlət orqanı qismində “Vahid məkan” prinsipinə əsaslanan qurumlardandır.
Azərbaycan Prezidentinə “ASAN 2” konsepsiyası barədə də məlumat verildi. Bildirildi ki, dövlət xidmətlərinin göstərilməsi zamanı “ASAN 2” konsepsiyasının tətbiqi ilə yeni mərhələyə başlanılacaqdır. Xidmətlər elektronlaşdırılacaq və daha əlçatan olacaqdır. Məmur və vətəndaş arasında təmas və dialoqun minimallaşdırılması məqsədilə “ASAN xidmət” mərkəzlərindəki özünəxidmət köşkləri mühüm rol oynayacaqdır. Bunun üçün köşklər biometrik məlumatların götürülməsi, nağd və plastik kartlar vasitəsilə ödənişlərin aparılması imkanı ilə təmin ediləcəkdir. Bu konsepsiyada daha bir yenilik “ASAN xidmət” binalarının müasir texnologiyaların tətbiqi sayəsində özünü enerji ilə təmin edən funksiyalara malik olmasıdır. Quraşdırılan günəş panelləri binanı elektrik enerjisi ilə təmin edəcəkdir.
Sonra Prezident İlham Əliyev İnnovasiyalar otağında gələcəkdə tətbiq ediləcək innovativ avadanlıqla tanış oldu. Bu il fevralın 11-də dövlətimizin başçısının imzaladığı Fərmana əsasən “ASAN ödəniş” sisteminin hazırlanması üzrə planlı işlər görülmüşdür. “ASAN ödəniş” sistemi vətəndaş ilə dövlət orqanı əməkdaşı arasında birbaşa təması istisna edir, şəffaflığı və operativliyi təmin edir, korrupsiya və digər mənfi halların qarşısını alır. İlkin olaraq “ASAN ödəniş” portalı yaradılmışdır. Bu, vətəndaşların inzibati cərimələri və məhkəmə qərarlarının icrası ilə əlaqədar vəsaitlərin elektron qaydada ödənilməsini təmin edən çoxfunksiyalı ödəniş portalıdır. Bundan başqa, “ASAN ödəniş” terminalının ilkin nümunəsi də artıq hazırdır. Bu terminal vasitəsilə vətəndaşların həm nağd, həm də nağdsız ödəmə etmək imkanı olacaqdır. Sentyabrda istehsalına başlanacaq terminal Azərbaycan məhsuludur və çoxfunksiyalı olması baxımından alternativi yoxdur. Onun əsas özəlliklərindən biri ödənişin qalıq məbləğini həm əskinaz, həm də qəpik olaraq qaytarmaq imkanıdır.
Dövlətimizin başçısına ASAN Mobil Proqramın tətbiqi barədə də məlumat verildi. Diqqətə çatdırıldı ki, vətəndaşların rahatlığı məqsədi ilə “ASAN xidmət” mobil proqram təminatı yaradılmışdır. İnsanlar mobil telefon vasitəsilə müvafiq xidmətlə bağlı ərizələri elektron formada doldura bilərlər. Həmçinin daha öncə doldurulmuş ərizələri yenidən çap etmək imkanı da vardır.
Prezident İlham Əliyev Azərbaycan vətəndaşının biometrik “Miqrasiya kartı” ilə də tanış oldu. Bildirildi ki, şəxsi və biometrik məlumatların qeydiyyatı üçün mobil stansiya və kartın çap olunması üçün avadanlıq ən son texnologiyalara uyğun hazırlanmışdır. Layihənin məqsədi Azərbaycandan emiqrantların qeydiyyatı və nəzarəti prosesinin sistemləşdirilməsidir.
“HELP POİNT” avadanlığı da geniş funksiyalara malikdir. Vətəndaşların və ölkəmizə gələn qonaqların məlumat əldə etmələri üçün hazırlanan “HELP POİNT”də istirahət zonaları, gəzməli yerlər, restoranlar, dövlət qurumları, “ASAN xidmət” mərkəzləri haqqında informasiyalar və digər zəruri məlumatlar toplanmışdır. Bundan əlavə, ASAN könüllüləri üzrə məlumat bazası da yaradılmışdır. Bu bazada 1500 nəfər könüllü haqqında müxtəlif məlumat saxlanılır. Ölkəmizdə keçiriləcək bir sıra beynəlxalq tədbirlərdə, o cümlədən 2015-ci ildə təşkil ediləcək ilk Avropa Oyunlarında bu könüllülərin bacarıqlarından və xidmətlərindən geniş istifadə olunması nəzərdə tutulur.
Daha sonra dövlətimizin başçısına GPS Elektron Nəzarət Sisteminin layihəsi barədə məlumat verildi. Bu sistem məhkumlar üzərində nəzarət tədbirlərinin asanlaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyevə gələcəkdə tətbiqi nəzərdə tutulan “co-working”, “car sharing”, “Asan müraciət-konseptual layihə”, “Asan Mobil Hökumət - Azərbaycan həlli” və digər yeniliklər barədə də ətraflı məlumat verildi.
Dövlətimizin başçısı mərkəzin digər mərtəbələrində də yaradılan şəraitlə tanış oldu. Digər mərkəzlərdə olduğu kimi, bu mərkəz də internetə açıq olan kompyuterlərlə təchiz edilmişdir və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanmaları üçün şərait yaradılmışdır.
Bildirildi ki, “ASAN xidmət” mərkəzində vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Buradakı xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin haqlarının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaqdır. Bu mərkəzdə də xidmət proseduru fasiləsiz videokamera vasitəsilə qeydiyyata alınır. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilmişdir. Xidmətlərin tənzimlənməsi məqsədilə elektron monitor və elektron elan tabloları qurulmuşdur. Mərkəzdə videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən rüsum tablosu quraşdırılmışdır.
Qeyd olundu ki, Mərkəzin işçilərinin ümumi sayı 209 nəfərdir. Onlardan 60 nəfəri könüllüdür.
“ASAN xidmət” yaradıcılığa dəstəklə bağlı müxtəlif sosial aksiyalar keçirməsi ilə də tanınır. Mərkəzdə “YARAT” Müasir İncəsənət Məkanının guşələri də qurulmuşdur.
Binada “ASAN parkinq” avtomobil dayanacağı yaradılmışdır. “ASAN xidmət”in bu mərkəzində də digərlərində olduğu kimi, uşaqlar üçün ayrıca oyun guşəsi qurulmuşdur.
4 saylı “ASAN xidmət” mərkəzinin həyətində “Uşaq avtoşəhərciyi” vardır. Prezident İlham Əliyev şəhərciyə baxdı. Bildirildi ki, avtoşəhərcikdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün hər bir şərait yaradılmışdır. Burada balacalar üçün mütəmadi kurslar təşkil olunacaqdır.
president.az