Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “Park Cinema” kinoteatrlar şəbəkəsi uşaq və yeniyetmələrin istirahətini təmin etmək məqsədilə əməkdaşlığa başlamışlar.
Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin inkişafı üçün uşaq və yeniyetmələr arasında kino və teatrlara getmək mədəniyyətini formalaşdırmaq və təhsildə fərqlənən şagirdləri stimullaşdırmaqdır.
BŞTİ-dən bildirmişlər ki, şagirdlər tərəfindən böyük maraqla qarşılanan film seansları ardıcıl olaraq davam etdirilir və artıq “Park Bulvar” ticarət və əyləncə mərkəzi də bu layihəyə qoşulmuşdur.
Əlaçı şagirdlər üçün nəzərdə tutulan film və animasiyalar həftənin 5 günü ərzində, iki seansda nümayiş etdirilir.
Artıq Nərimanov rayonundakı ümumtəhsil məktəblərinin əlaçı şagirdləri üçün təşkil edilmiş seanslar başa çatmışdır.
Hazırda seanslar “Metropark” və “Park Bulvar” ticarət mərkəzlərindəki “Park Cinema” kinoteatrlarında Bakının Nizami, Yasamal, Nəsimi və Səbail rayonları üzrə ümumtəhsil məktəblərinin əlaçı şagirdləri üçün davam edir.
AzərTAc