Mayın 9-da İçərişəhərdəki Kiçik Karvansarada
ənənəvi “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalının başa
çatmasına həsr edilmiş mərasim keçirilib.
Tədbirdə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi
naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla
Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.
AzərTAc xəbər verir ki, mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən
festival Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf
Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir
İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının birgə
təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən
keçirilmişdir.
Ənənəvi olaraq ümummilli liderimiz Heydər Əliyevin doğum günü
ərəfəsində keçirilən festivalın əsas məqsədi dünyanın müxtəlif
yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və
incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının
dünyada təbliğinə töhfə verməkdir.
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi
hesab olunan Qız qalasının geniş coğrafiyada tanıdılması məqsədilə
keçirilən incəsənət festivalında 26 ölkədən 28 tanınmış rəssam iştirak
etmişdir.
Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında
bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı
mübadiləsini əks etdirən əsərlər yaratmışlar. Hər biri özünəməxsus və
fərqli üslubda olan bu nadir müəllif işləri dünyanın müxtəlif
ölkələrində nümayiş etdirilərək, qalanın təbliğində əhəmiyyətli vasitəyə
çevrilir.
Təşkilatçılar bu festival vasitəsilə diqqəti həm də ətraf mühitin
mühafizəsi məsələsinə yönəldirlər. Nəsli kəsilməkdə olan “Qafqaz
beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq
rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə bəzədilmişdir.
Festivalda sərgilənən işlərlə yaxından tanış olan Leyla Əliyevaya
məlumat verilmişdir ki, hər il iştirakçı rəssamların müxtəlif ölkələri
təmsil etməsi festivalın coğrafiyasını genişləndirərək
mədəniyyətlərarası dialoqa mühüm töhfə verir.
Müəlliflər öz əsərlərinin ideya məzmunu haqqında Leyla Əliyevaya ətraflı məlumat vermişlər.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Samir Nuriyev çıxış edərək mühüm bir layihənin reallaşdırılmasına
göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını
bildirmişdir.
Vurğulanmışdır ki, 2010-cu ildə başlanan, üç il ardıcıl olaraq
Azərbaycanın paytaxtında, bir dəfə isə Fransanın Kann şəhərində
keçirilən “Qız qalası” Beynəlxalq incəsənət festivalının beşincisinə bu
il yenidən Bakı ev sahibliyi etmişdir. Ötən illər ərzində festivalda
dünyanın müxtəlif ölkələrindən gələn 70-dən çox tanınmış rəssam iştirak
etmişdir.
Vurğulanmışdır ki, festivalın konseptual xəyal sərhədləri hər il yeni
tematik komponentin əlavə edilməsi sayəsində genişlənir. Bu il Bakıda
festival çərçivəsində dünyada küçə incəsənətinin (street art) ən
populyar növlərindən biri olan 3D rəsmlər təqdim edilmişdir. Üç ölçülü
optik illüziyanın köməyi ilə yaranan müəyyən nəzər nöqtəsi Qız qalasının
zirvəsinə qalxmaq, qədim şəhərin meydanına açılan məftunedici mənzərəni
seyr etmək imkanı yaratmışdır.
Hesab edirəm ki, bu festival çox uğurludur. Çünki dünyanın müxtəlif
ölkələrindən gəlmiş rəssamlara bir-birilərinə məhəbbət, sülh və
qarşılıqlı anlaşma mesajını çatdırmağa imkan yaradır.
Tədbirdə çıxış edən festivalın əlaqələndiricisi Emin Məmmədov
vurğulamışdır ki, artıq beş yaşı tamam olan bu beynəlxalq layihə ilk
addımdan diqqəti cəlb etmiş və qısa zamanda dünyanın ən məşhur
rəssamlarını ətrafına toplamışdır.
Diqqətə çatdırılmışdır ki, burada hazırlanan bənzərsiz sənət əsərlərinə
çevrilən Qız qalası və ceyran maketləri əvvəlcə Bakı sakinləri və
şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif
ölkələrdə sərgilənir, Vətənimizi, onun tarixini və mədəniyyətini təmsil
edir.
Festivalın təşkilində göstərdiyi dəstəyə görə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
minnətdarlığını bildirən misirli rəssam Mohamed Abouelnaqa ilk dəfə
Bakıda olmasından məmnunluğunu ifadə etmişdir.
Qonaq vurğulamışdır ki, mədəniyyət sərhəd tanımır və o irqindən,
dinidən asılı olmayaraq, hər bir kəsi həmrəyliyə, sülhə səsləyir.
Rəssam bildirmişdir ki, belə möhtəşəm sərgidə iştirak etməklə həm
Azərbaycanı kəşf etdik, həm də özümüzə yeni dostlar qazandıq. İnanıram
ki, bu festival ənənəvi olaraq keçiriləcək və hər dəfə öz yenilikləri
ilə insanları heyrətləndirəcəkdir.
Tədbirdə “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalına həsr olunmuş videomaterial nümayiş etdirilmişdir.
Paytaxtımızın sakinləri və qonaqları festival çərçivəsində hazırlanmış bu gözəl əsərlərlə yayın sonunadək tanış ola biləcəklər.
Gün.Az