Dünyanın məşhur “Səs” (“The voice”) layihəsinin Ukrayna versiyasında iştirak edən azərbaycanlı Vaqif Nağıyev yarışmanın final mərhələsinə yüksəlmişdir.
Ukraynanın “Qolos kraini” şousunun “nokaut” mərhələsində Xarkovda yaşayan azərbaycanlı - əslən Bakıdan olan 18 yaşlı Vaqif Nağıyev digər ifaçı Anyanya Udoqvo ilə yarışmada qalib adını qazanmışdır.
Bir qədər əvvəl Vaqif Nağıyev tərkib heyətinə Sergey Lazarev, Ani Lorak, Tamara Qverdçiteli və Svyatoslav Vakarçukun daxil olduğu münsiflər heyətinin qarşısında Müslüm Maqomayevin repertuarından “Sinyaya veçnost” mahnısını təqdim etmişdi. Onun ifası ulduz münsifləri məftun etmişdi.
“Nokaut” mərhələsində Vaqif Nağıyev “Bee Gees” qrupunun meqahiti olan “Stay alive” mahnısını ifa etmişdir.
Qeyd edək ki, Tamara Qverdçiteli layihəni tərk etmişdir və onun yerini şair Yuri Rıbçinski tutmuşdur. Vaqif və Anyanyanın çıxışlarını möhtəşəm adlandıran Yuri Rıbçinski sonda azərbaycanlı müğənninin qalib olduğunu elan etmişdir.
AzərTAc