Mayın 13-ü axşamdan Azərbaycan ərazisində havanın temperaturu düşəcək
13.5.2014

Mayın 13-ü axşamdan etibarən Azərbaycanda hava şəraitinin bir qədər dəyişməsi, temperaturların aşağı düşməsi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva açıqlamasında deyib ki, sabah günün birinci yarısında ölkə ərazisində cənub küləyin əsməsi gözlənilir.

Onun sözlərinə görə, sabah mülayim cənub küləyi əsəcək və havanın temperaturunda dəyişiklik olmayacaq: “Amma mayın 13-dən 14-nə keçən gecə külək istiqamətini dəyişərək şimal-qərb küləyi ilə əvəz olunacaq. Mayın 14-də və 15-də arabir güclənən şimal küləyi əsəcək. Ona görə də havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcək. Belə ki, mayın 14 və 15-də havanın temperaturunun 3-5 dərəcə aşağı enməsi gözlənilir ki, bunun nəticəsində də havanın temperaturu iqlim normasına yaxınlaşacaq”.

Qeyd edək ki, son 2-3 gün ərzində ölkə ərazisində müşahidə olunan havanın hərarəti iqlim normasından yüksəkdir. Belə ki, son 2-3 gün ərzində ölkədə havanın temperaturu iqlim normasından 5-7 dərəcə yüksək olub.

APA