Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının idarə heyətinin qərarı ilə qurumun fəxri mükafatına layiq görülmüşdür.
Türk-Alman Dostluq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Bavariya Federal Torpağının parlamentində mükafatın təqdim edilməsi ilə bağlı mərasim keçirilmişdir.
Türk-Alman Dostluq Federasiyası tərəfindən təsis olunmuş və qədim yunan ilahələrindən Kübelenin adını daşıyan bu mükafat müxtəlif nominasiyalar üzrə tanınmış simalara təqdim olunur. İndiyədək federasiyanın mükafatlarına bir sıra nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər, iqtisadçılar, mədəniyyət işçiləri, məşhur idmançılar layiq görülmüşlər.
Laureatlar arasında Almaniya Kansleri Angela Merkel, bu ölkənin sabiq Prezidenti Yohannes Rau, parlamentin sabiq sədri Rita Silismud, Yaşıllar Partiyasının keçmiş sədri Kladio Rout, Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl, Bavariya Federal Torpağının baş naziri Qünter Bexştayn və başqaları olmuşlar.
Türk-Alman Dostluq Federasiyasının prezidenti Cehan Sendan sayca 12-ci olan mərasimdə bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dünyada sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Federasiyanın fəxri mükafatına layiq görülmüşdür.
Cihan Sendan demişdir: “Mehriban xanıma xidmətlərinə görə minnətdarlığımızı bildiririk. Onun xidmətlərini necə önə çıxara bilərik? Türkiyə-Azərbaycan dostluğunu, Azərbaycan-Almaniya dostluğunu bizim federasiya vasitəsi ilə dünyaya necə yaya bilərik? Bu mükafatla onun əməyinə qiymət verdik və çox xoşbəxtik”.
Mükafatı Mehriban Əliyevanın adına Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qəbul etmişdir.
Mərasimdə çıxış edən səfir Pərviz Şahbazov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından Federasiyaya bu yüksək mükafata görə minnətdarlığını bildirmiş, qurumun rəhbərliyini ölkəmizə səfərə dəvət etmişdir.
Diplomat siyasi, iqtisadi sahələrdə uğurları ilə yanaşı, zəngin tarixi keçmişi, mədəniyyəti, musiqisi, incəsənəti və nəhayət tolerantlığı ilə Azərbaycanın bütün dünyada tanındığını və haqlı olaraq xalqımızın bu nailiyyətləri və keyfiyyətləri ilə qürur duyduğunu vurğulamışdır. Pərviz Şahbazov Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən indiyədək Almaniyada bir sıra mühüm tədbirlərin keçirildiyini - Berlində “Müasir incəsənət sərgisi”, “Bakıya uçuş”, Münxen, Köln, Ştutqart və Hamburqda isə Azərbaycan mədəniyyət axşamlarının yüksək səviyyədə baş tutduğunu qeyd etmişdir.
Tədbirdə çıxış edən Bavariya Federal Torpağı parlamentinin vitse-prezidenti İnqe Aures demişdir: “Mehriban Əliyeva fərqli fəaliyyəti ilə hər zaman diqqət mərkəzindədir. Onun rəhbərlik etdiyi Fond məktəblərin tikintisinə dəstək verməklə yanaşı, dini məbədlərin bərpasına da kömək göstərir. Mehriban xanım dostluğun, əməkdaşlığın inkişafı naminə hansı sahələrə diqqət yetirməyin zəruriliyini gözəl bilir. O, fəaliyyəti ilə bunu sübut edib. Hesab edirəm ki, seçilən bu istiqamət doğru yoldur”.
Qeyd edək ki, bu il Almaniyanın vitse-kansleri, Sosial Demokrat Partiyasının sədri, iqtisadiyyat və ticarət naziri Ziqma Qabrielə, aktyor Bülent Ceylana, Bavariya Federal Torpağının Futbol Federasiyasının prezidenti Rayner Koka və başqalarına mükafatlar təqdim olunmuşdur.
Bavariyanın Futbol Federasiyasının prezidenti Rayner Kok demişdir: “Mehriban Əliyevanın fəaliyyətini diqqətəlayiq hesab edirəm. Xüsusilə görürük ki, bu fəaliyyətin nəticələri Almaniyaya qədər gəlib çatır. Bütün bu işlər uşaqlar üçün görülür. Mədəniyyət abidələrinin qorunub saxlanılması, dini abidələrin bərpası həyata keçirilir. Bütün bunları mən ancaq yüksək qiymətləndirə bilərəm”.
Gün.Az