“Siqaret çəkməkdənsə, FİLM çək” devizi altında film festivalı keçirilir.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ADDİM Gənclər təşkilatı 2-ci “No Smoking Film Festivalı”nı həyata keçirir.
Artıq II ildir ki, dünyada ilk dəfə olmaqla ölkəmizdə həyata keçirilən bu festivalın siması tütün əleyhinə davamlı mübarizə aparan xalq artisti Brilliant Dadaşovadır.
“Siqaret çəkməkdənsə, FİLM çək” devizi altında həyata keçən festivalda məhz siqaret əleyhinə qısametrajlı filmlər nümayiş olunaraq qiymətləndiriləcək. Bundan başqa festival çərçivəsində Azərbaycanın müxtəlif regionlarında kütləvi promolar və tematik film nümayişləri nəzərdə tutulub.
Festivalın builki tanıtım kampaniyası çərçivəsində B.Dadaşova gənclərlə çəkildiyi sosial reklam çarxını səhifəsində paylaşaraq bunları söyləyib:
“Ümidvaram sağlam həyat tərzi naminə başladığımız təbliğat qısa müddət ərzində öz bəhrəsini verəcək və biz gələcək nəsillərimizə sağlam, tüstüsüz bir dünya bəxş edə biləcəyik”.
Bu fəaliyyətin məntiqi nəticəsi kimi, 31 May “Beynəlxalq tütün əleyhinə mübarizə günündə” festivalın qala gecəsinin keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, ötən il festivalda Azərbaycanda rekord sayda - 48 yerli film təqdim olunmuşdu. Bu il isə festivalda iştirak üçün əcnəbi rejissorlar da müraciət ediblər.
Video
gun.az