Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən orta və kisik
sahibkarlara güzəştli kreditlər ayrılacaq, turizm məqsədilə səfər
edənlərə biletlər güzəştli qiymətlərlə satılacaq. Bu, prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında
2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda
nəzərdə tutulur.
Plana əsasən, ölkədə turizmin inkişafı ilə bağlı
müxtəlif mədəni tədbirlər çərçivəsində aztəminatlı ailələrin, dövlət
himayəsində olan əlil və kimsəsiz uşaqların Azərbaycanın müxtəlif
yerlərinə xüsusi səyahətləri, turist axını çox olan rayonlarda
iyul-sentyabr aylarında «Bu Vətən bizimdir» adlı turist düşərgələri
təşkil olunacaq, Azərbaycanla qonşu Gürcüstan arasında mövcud turist
axınını nəzərə alaraq Bakı-Tiflis-Bakı dəmiryolu marşrutu üzrə
ixtisaslaşdırılmış turist qatarları xəttə buraxılacaq.
Planda ölkədə turizmin inkişafı məqsədilə qanunvericiliyə
dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Belə ki, Mədəniyyət və
Turizm və Ədliyyə nazirlikləri qarşıdakı iki ay ərzində “Turizm
haqqında” qanunun yeni layihəsini parlamentə təqdim etməlidir. Turizm
məqsədilə Azərbaycana səfər edən şəxslərin sayının artırılması üçün
onlara viza verilməsi sadələşdiriləcək, Dövlət Miqrasiya Xidməti, Xarici
İşlər və Mədəniyyət və Turizm nazirlikləri bununla bağlı təkliflər
hazırlamalıdır.
Bundan başqa, beynəlxalq və yerli hava, dəniz və dəmiryol daşımalarında
turist qruplarına xüsusi tarif qiymətlərinin tətbiq edilməsinə dair
təkliflərin hazırlanması nəzərdə tutulur.
Tədbirlər planında nəzərdə tutulan ən maraqlı yeniliklərdən biri turizm
sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara dəstək
göstərilməsi məqsədilə təyinatlı və güzəştli kreditlərin ayrılmasıdır.
Bu iş İqtisadi İnkişaf və Mədəniyyət və Turizm nazirliklərinə həvalə
olunub. Adı çəkilən nazirliklər turizm sənayesinin inkişafı üçün
iqtisadi mühitin yaxşılaşdırılması və investisiyaların cəlb olunmasına
dair təkliflər hazırlamalıdır.
Plana əsasən Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə
Məktəbi yaradılacaq, Azərbaycan üçün prioritet sayılan ölkələrdə milli
turizmin təbliği üçün tədbirlər görüləcək, həmçinin həmin ölkələrdən
Azərbaycana info-turlar təşkil olunacaq. Sənəddən məlum olur ki,
Azərbaycan üçün prioritet ölkələr Avropa İttifaqı ölkələri, ABŞ,
Yaponiya, Kanada, Rusiya və Fars körfəzi ölkələri sayılır.
Plandakı təbliğat-təşviqat tədbirləri arasında ən maraqlısı Azərbaycanda
turizm və mədəniyyət obyektlərinin, gəzməli-görməli yerlərin telefon
məlumat xidmətinin yaradılmasıdır.
Bundan başqa, planda tarixi abidələrin abadlaşdırılması üçün işlərin
görülməsi, turizm və nümayiş obyektlərinə gedən yolların
abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilərin və yol
nişanlarının qoyulması da nəzərdə tutulub.