Azərbaycan musiqiçiləri Fransada konsert proqramı ilə çıxış ediblər - FOTO
14.5.2014

Xalq artisti, tarzən Fikrət Verdiyev, əməkdar artist Elşən Mənsurov, Gəncə Dövlət Filarmoniyasının solisti Anar Quliyev və AzTV-nin solisti Kamilə Nəbiyeva Fransada konsert proqramı ilə çıxış ediblər.

Bu barədə “Xan Şuşinski” Fondunun prezidenti Bəyimxanım Verdiyeva məlumat verib.

Onun sözlərinə görə, prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və "Xan Şuşinski" Fondunun təşkilatçılığı ilə "Milli musiqimizi qoruyaq" layihəsi çərçivəsində baş tutan konsertdə “Sarı gəlin”, “İrəvanda xal qalmadı”, “Şuşanın dağları” və s. xalq mahnıları dünyanın müxtəlif ölkələrindən olan tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb: “Azərbaycan mahnıları tamaşaçılar tərəfindən ayaq üstə alqışlanırdı.

Fransızlar bizim musiqimizə heyrətlərini gizlədə bilmirdilər. Konsertin iki saata yaxın davam etməsi nəzərdə tutulsa da, sürəkli alqışlarla sənətçilərimizi dönə-dönə səhnəyə dəvət edirdilər. Bizə dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk”.

APA