lham Əliyev Nizami və Xətai rayonlarında körpələr evi və uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur
2.3.2012

Prezident İlham Əliyev Paytaxtın Nizami rayonu ərazisində 110 saylı körpələr evi və uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olmaq üçün buraya gəldi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Bağçanın əsas binasında aparılan yenidənqurma işləri ilə yanaşı həyətyanı sahədə də abadlıq və quruculuq tədbirləri görülüb.

Nizami rayonundakı 110 saylı körpələr evi və uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanışlıqdan sonra dövlət başçısı Xətai rayonundakı 251 saylı körpələr evi və uşaq bağçasının yenidənqurmadan sonrakı vəziyyətlə yaxından tanış oldu.

Burada görülən işlərlə bağlı da Prezidentə məlumat verildi. Qeyd olundu ki, körpələr evi və uşaq bağçasının binası 1984 - ci ildə inşa olunub.

251 saylı körpələr evi və uşaq bağçasında qazanxana tamamilə yenidən qurulub, müasir istilik sistemi yaradılıb, daimi olaraq isti və soyuq su ilə təchiz edilib.

Körpələr evi və uşaq bağçalarının hər ikisində təhlükəsizlik kameraları quraşdırılıb. Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.