Bakı Beynəlxalq “Motor Şou”
15.5.2014

May ayının 15-də Baku Ekspo Mərkəzində Azərbaycanın avtomobil həvəskarları üçün nəzərdə tutulmuş Bakı Beynəlxalq “Motor Şou” (BIMS) sərgisi start götürəcək.

Sərgi yerli və xarici avtomobil istehsalçılarını, habelə avtomobil avadanlıqları və komplektləşdiricilərinin dünya şöhrətli brendlərinin distribyutor və dilerlərini bir araya gətirəcəkdir.

Layihəyə Azərbaycan Avtomobil Federasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi dəstək göstərilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış edirlər.

“BIMS” 2014 sərgisində 100-dən çox şirkətin iştirakı gözlənilir. Hazırda “BIMS 2014” sərgisinin iştirakçıları siyahısına Azərbaycan, Almaniya, Çin, Polşa, Rusiya, Türkiyə və s. ölkələrdən olan şirkətlər daxildir. Sərgidə ənənəvi olaraq üç böyük sektor (avto-moto nəqliyyat, kommersiya nəqliyyatı və avto-hissələr və aksessuarlar) təmsil olunacaq. “BIMS” 2014 sərgisinin sponsoru “Toyota” şirkətidir. Sərginin iştirakçıları arasında minik avtomobillərinin istehsalı ilə məşğul olan dünya şöhrətli şirkətlərin (məs “Toyota”, “Lexus”, “Suzuki”, “Volvo”, “Great Wall” və s.) rəsmi distribyutorları var. Motosiklet dilerləri isə dünyanın aparıcı istehsalçıları sayılan “Aprilia”, “Suzuki”, “Harley Davidson” və “Vespa” şirkətlərinin modellərini təqdim edəcəklər. Kommersiya sektorunda “GAZ”, “HOVO”, “ISUZU”, “MANN”, “Mitsubishi Fuso Canter” şirkətlərinin istehsalı olan traktorlar, özüboşaldan yük maşınları və müxtəlif növ məhsulların daşınması üçün yarım-qoşqular nümayiş etdiriləcək. Sərgidə avto-hissələr, eləcə də avtomobil yağları, filtrlər, avtokosmetika və digər avtomobil kimyası məhsullarının aparıcı brendlərini nümayiş etdirən tematik bölmə əhəmiyyətli yer tutacaqdır.

citylife.az